Gəncə şəhər stadionunun təməli qoyulub

 Gəncə şəhər stadionunun təməli qoyulub
  09 Aprel 2024    Oxunub:744
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.
Dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.



Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.



Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.



Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu.

AzVision.az


Teqlər:





Xəbər lenti