Ter-Petrosyan:`Sarkisyan hər yola gedər`
Serj Sarkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə Ermənistanın Avrasiya İttifaqına qoşulma müddətinin iyunun 15-dək uzadılması ilə bağlı müraciətini şərh edən Ter-Petrosyan deyib: “Əgər Serj Sarkisyan “xahiş edirəm” sözünün yanına “yalvarıram” kəlməsini qoysaydı onun qul sifəti daha yaxşı görünərdi. Onun “sizin qulunuz olum" deyə əldən-ayaqdan getməsi, tez-tələsik İttifaqa daxil olma çırpıntıları onu göstərir ki, onun hökumətinin legitimliyinin tanınması birbaşa olaraq Rusiyanın iradəsindən asılıdır. Buna görə də Ermənistan İttifaqa bərabərhüquqlu üzv kimi deyil, alçaldılmış sifətdə gedir. Məhz buna görə, tezcə İttifaqa daxil ola bilmək üçün Sarkisyan təhqir olunmağa, alçaldılmağa hazırdır”.
“O, sakitcə, aciz qul kimi qaz danışıqlarını “uddu”, Gömrük İttifaqına qoşulmaq üçün bircə həftə ərzində sənədlər paketi hazırladı, bu İttifaq çərçivəsində dəfələrlə alçaldıldı, sonuncu dəfə onu Astanada Nazarbayevn Qarabağla bağlı bəyanatı ilə alçaltdı. Bu bəyanat Sarkisyan üçün gözlənilməz oldu və o, Nazarbayevə heç bir cavab vermədi. Əslində isə Ermənistanın cavabı çoxdan hazır olmalı idi, çünki hələ oktyabrın 25-də, Minsk Sammiti zamanı Lukaşenko və yenə Nazarbayev bu məsələni qaldırmışdılar”-deyə Ter-Petrosyan Sarkisyanı aciz və rəzil adlandırıb.
Astana Sammitində dili quruyan, sifəti əyilən Sarkisyan, iki gün sonra Ermənistanda toydan sonra nağara misalı “Nazarbayevin bəyanatı xoşagəlməz və qeyri –düzgün idi” deməklə daha da gülünc vəziyyətə düşdü.
Ter-Petrosyan hesab edir ki, Sarkisyan rejimi fəaliyyətinə davam etdikcə Ermənistan bu cür təhqirlərlə hələ çox rastlaşacaq.
Səbinə Həsənova
AzVision.az