Şri-Lanka İran neftinin əvəzini çayla çıxacaq
“İranla çay mübadiləsi sazişinin həyata keçirilməsi Şri-Lanka üçün çox vaxtında atılan addımdır və İran bazarına çıxışı olan Şri-Lanka dollara güvənmədən bizneslə məşğul ola bilər. Gələn aydan etibarən Şri-Lanka neft borcunu ödəmək üçün ayda iki milyon dollar ekvivalentində çay göndərməyə başlayacaq”, - Niraj Dmel söyləyib.
Əvvəlki razılaşmaya görə, hər ay İrana beş milyon dollar dəyərində Şri-Lanka çayı göndərilməli idi. Tehran və Kolombo Şri-Lankanın İrana 11 il əvvəlki neft borcunu ödəmək üçün nefti çaya dəyişmək barədə 2 il əvvəl razılığa gəliblər. Lakin Şri-Lankanın maliyyə problemləri üzündən sazişin icrası dayandırılıb. Belə ki, keçən il son 70 ildə ən pis maliyyə böhranı ilə qarşılaşan Kolombo hökumətinin valyuta ehtiyatları rekord həddə düşdü. Bununla belə, Şri-Lankada ən populyar məhsul olan “Seylon” çayı ötən il bu ölkəyə 1,25 milyard dollar həcmində qazanc gətirib.
ABŞ-nin İrana qarşı tətbiq etdiyi və Tehrana birbaşa valyuta ödənişinin qarşısını alan sanksiyalar Şri-Lanka çayının ümumi ixracını da azaldıb. Bununla belə, “Reuters” Şri-Lankanın rəsmi məlumatlarına istinadən yazıb ki, əvvəlki illərdə Seylon çayı BƏƏ vasitəsilə də İrana ixrac edilib və BƏƏ Şri-Lankadan çay idxalını əvvəlki beş ildə 48 milyon dollardan ötən il 118 milyon dollara qədər artırıb.
AzVision.az