İranın məhkəmə hakimiyyəti məcburi hicabı zəruri sayır
“Hicab dini və siyasi bir öhdəlikdir. Özünü alim adlandıranlara, bəzən məktəbdə, universitetdə hicabın şəxsi qərar olduğu və hökumətin qarışmaması barədə təkliflər səsləndirənlərə təəccüblənirəm, amma bu belə deyil. İranda hicab ailənin içində şəxsi qərardan asılıdır və hökumət buna qarışmır, lakin küçədə hicaba riayət olunmursa, hökumətin müdaxilə etmək hüququ var”, - məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini vurğulayıb.
Müsəddiqin hicabın məcburi olması iddiası ilə yanaşı, İsfahan vilayətinin ədliyyə başçısı Əsədullah Cəfəri cümə namazındakı çıxışında məcburi hicabdan imtina edən 1200 qadınla bağlı məhkəmə işi qaldırıldığını bildirib.
“Hicabı açan şəxslərin sənədləşdirilməsi ilə 1200-dən çox iş məhkəmə sisteminə daxil olub və biz bununla var gücümüzlə məşğuluq. Hicab taxmayan qadınlar fəsad təbliğ edirlər. Biz kiberməkanda fəallıq göstərən, fəsadı mütəşəkkil və şəbəkələşmiş şəkildə təbliğ edən insanları müəyyənləşdirir, onlarla məşğul oluruq”, - Əsədullah Cəfəri deyib.
İsfahan vilayətinin ədliyyə başçısı indiyədək vandalizm və küfr təbliğatçıları ilə bağlı 50-dən çox faktı müəyyən etdikləri, həmin şəxslərə qarşı iş qaldırdıqları ilə “öyünüb”.
AzVision.az