İranlı analitik: “məcburi hicabla bağlı İranda vəziyyət çox dəyişib”
İranın cavab tədbirləri görəcəyindən qorxduğu üçün hesabatda soyadının qeyd olunmasını istəməyən Tehrandan olan 36 yaşlı araşdırmaçı və analitik Tərlan uzun illər ərzində bu yöndə aparılan mübarizənin müsbət nəticələrinin artıq bu gün ölkədə göründüyünü deyib.
“Məhsa Əmininin öldürülməsi ilə başlayan genişmiqyaslı etirazlar dayandırılmış ola bilər, lakin qadın hüquqları uğrunda mübarizə mütləq şəkildə davam edir. Etirazların əlamətlərini və qazandığı nailiyyətləri müşahidə etmək çətin deyil. Onilliklər ərzində İran səlahiyyətliləri müəssisə rəhbərlərini hicabsız qadınları obyektlərə buraxmamağa məcbur edirdi, əks halda onlar bağlanardı. Əvvəllər müəssisələr mütəmadi olaraq qadınlara hicab taxmaq və ya hicabı açmamaq barədə xəbərdarlıq edirdilər. Amma indi onları daha narahat etmirlər” , - Tərlan deyib.
Onun sözlərinə görə, etirazlardan sonra məcburi hicabsız qadınların olması səbəbindən bəzi mərkəzlər bağlansa da, sonra yenidən fəaliyyətə başlayıb. Maraqlıdır ki, yenə də dükan, restoran, digər yerlərin sahibləri məcburi hicabsız qadınlara xəbərdarlıq etmirlər və onlarla heç bir işləri yoxdur. Əvvəllər restoranlarda qadının hicabı düşərsə, ofisiant ona tez-tələsik çadrasını taxmağ barədə xəbərdarlıq edirdi, indi isə belə deyil.
İsveçdə hüquqşünas və insan haqları təşkilatlarının müşaviri Moin Xəzaili, öz növbəsində, İran hökumətinin siyasətinin dəyişmədiyini söyləyib.
- Məhsa Əmininin ölümündən sonra İran cəmiyyətinin normaları dəyişir, lakin təəssüf ki, hökumətin münasibəti dəyişməyib. İran hakimiyyəti bu ilin əvvəlində (fevralda) minlərlə etirazçı üçün amnistiya elan edib. Lakin “müsbət təbliğat əldə etdikdən” sonra onlar yeni bir sıra sınaqlara başladılar. İndi bir çox etirazçılar əvvəllər üzləşmədikləri yeni ittihamlarla üzləşirlər”, - Moin Xəzaili vurğulayıb.
AzVision.az