"Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə təsir etməyəcək" - Deputat

   "Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə təsir etməyəcək" -    Deputat
  14 Fevral 2023    Oxunub:940
Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, eyni zamanda xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olub. Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır.

"3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır.

“Əsrin Fəlakətinin” coğrafiyasını və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıqda bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir", V.Bayramov əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti