Arıçı fermerlərə təlimlər keçirilib - FOTOLAR
Fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında nəzəri təlimlər, həmçinin arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlər keçirilib. Proqram çərçivəsində arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Layihənin növbəti mərhələsində təlimlərdə iştirak etmiş kənd sakinlərinə sertifikatların verilməsi, həmçinin fermerlərin arı ailələri və müvafiq ləvazimatlarla təmin edilməsi, Daşkəsən rayonu ərazisində nektar verən ağac və kolların əkilməsi nəzərdə tutulub.
Xatırladaq ki, cari ilin 31 mart tarixində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş keçirilib. Layihənin əsas missiyası qeyd edilən bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə verməkdir.
Ümumilikdə, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan əhalinin qayğı ilə əhatələnməsinə, rifah halının yüksəldilməsinə xidmət edir.
AzVision.az