Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
  21 Fevral 2022    Oxunub:2084
“İqtisadi əməkdaşlığın, xüsusilə də 2021-ci ildə dəyəri 100 milyon ABŞ dollarını ötmüş ikitərəfli ticarət dövriyyəsində sabit artımını müşahidə etməkdən məmnunuq. Lakin biz hesab edirik ki, bu rəqəm bizim məqsədlərimizə və hər iki ölkənin iqtisadiyyatının potensialına uyğun gəlmir”.
Polşanın Azərbaycandakı Səfirliyindən AzVision.az -a verilən xəbərdə deyilir: “Məhz buna görə də Azərbaycan tərəfi ilə birlikdə biz iqtisadi dövriyyənin artırılması üzərində işləyirik - bu il Polşa-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu sahədə konkret həll yollarını təklif edəcək növbəti iclası planlaşdırılır. Biz həmçinin Azərbaycanla çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdiririk, məsələn, Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə Vişeqrad proqramına V4-Azerbaijan Tech Bridge start verilir, Proqram çərçivəsində Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan tərəfdaşlardan ibarət konsorsium bir tərəfdən azərbaycanlı startaplar və innovatorlar, digər tərəfdən isə Vişeqrad Qrupunun investorları və investisiya layihələrini maliyyələşdirən kommunikasiya platformasının əməkdaşlığını nəzərdə tutur”, - qeyd olunub.

Diqqətə çatdırılıb ki, siyasi, mədəni və iqtisadi əməkdaşlıqla yanaşı, Polşa və Azərbaycan cəmiyyətləri arasında əlaqələr də yaxşı inkişaf edir: “Bu gün bir çox azərbaycanlı Polşada təhsil alır və işləyir, bir növ ölkələrimiz arasında canlı körpü yaradırlar. Polşa universitetlərində təxminən 1,5 min tələbə təhsil alır, bu rəqəm son illərdə 5 dəfə artıb. Təkcə ötən il Polşa Respublikasının Bakıdakı Səfirliyi Polşaya təhsil məqsədi ilə gedən şəxslərə 1200-dən çox, iş üçün müraciət edənlərə isə 1300-dən çox viza verib.

Bütün bunlar bizə ikitərəfli münasibətlərimizin növbəti onilliklərinə, gələcəyə nikbinliklə baxmağa, Polşa və Azərbaycanı ənənəvi olaraq birləşdirən dostluq mesajını gələcək nəsillərə ötürməyə imkan verir”.

AzVision.az



Teqlər: Polşa   Azərbaycan  





Xəbər lenti