Ayaz Müseyibov: "Qlobal iqtisadi artım zəifləyəcək"

      Ayaz Müseyibov:    "Qlobal iqtisadi artım zəifləyəcək"
  26 Yanvar 2022    Oxunub:976
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişikliklər edib. Hesabatda gözlənildiyinin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyatın daha zəif göstəricilərlə daxil olduğuna vurğu olunur. Yeni ştammların meydana gəlməsi ilə bir sıra ölkələrin məhdudiyyətlərin tətbiqini yeniləməsi bu prosesdə öz mənfi təsirini göstərib. Enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha artıq formada baş verməsi ilə nəticələnib.
AzVision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov deyib. Onun sözlərinə görə, 2021-ci ilin 5,9 faizlik artımı ilə müqayisədə, qlobal iqtisadiyyatın 2022-ci ildə əvvəlki proqnozlarla müqayisədə yarım faiz bəndi daha az, yəni 4,4 faiz artım göstərəcəyi proqnoz olunur:

"2023-cü illə bağlı isə əksinə mövcud artım proqnozu 0,2 faiz bəndi artırılmaqla 3,8 kimi qeyd olunub. Bu isə daha çox vaksinasiyanın 2022-ci ildə artacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərə bağlıdır.

Qlobal miqyasda iki mühüm məsələ - inkişafda olan ölkələrdən kapitalın qaçışı və qlobal geopolitik risklər yüksək olaraq qalmaqdadır.

Bütün bunları nəzərə alaraq, ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasət yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsi təklif olunur. Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusi ilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edirdi, hansı ki, kifayət qədər aktuallıq kəsb edir.

Eyni zamanda, vaksinləşmənin artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlərlə yanaşı, iqlim dəyişikliyi ilə mübarizənin göcləndirilməsinə xüsusi çağırış edilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizənin “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların özünün inkişafı naminə aparıldığı təsdiqlənən dayanıqlı inkişaf çağırışıdır.

Aytən Zəhra
AzVision.az





Teqlər: İqtisadi-artım  





Xəbər lenti