Berezovskinin ölüm müəmmaları

Berezovskinin ölüm müəmmaları
  26 Mart 2013    Oxunub:1489
Ekspertizanın ilkin rəyinə görə, Boris Berezovskiy boğulmadan ölüb. Britaniya polisinin yaydığı məlumata görə, qalmaqallı siyasətçinin bədənində zorakılıq əlamətlərinə rast gəlinməyib.
“Patoloqoanatomların apardığı son ekspertizanın nəticələrinə görə, Berezovskinin ölümünə səbəb boğulmadır. Mübarizə izlərindən xəbər verən heç nə aşkarlanmayıb”. Bu barədə London Temz-Velli dairəsinin polis bölməsinin yaydığı rəsmi məlumatda deyilib.

Məlumata görə, iş adamının Askotdakı evində, hadisə yerində aparılan kriminal təhqiqat bir neçə gün davam etdiriləcək.

Britaniya KİV daha öncə də qalmaqallı oliqarxın son aylar depressiyadan əziyyət çəkdiyini, müalicə olunduğunu və dostları ilə ünsiyyətdə tez-tez intihar barədə danışdığını yazıb. Bununla yanaşı mərhum biznesmenin yaxın dostu Nikolay Qluşkov Berezovskinin şarfla boğulduğunu iddia edib. Qluşkovun sözlərinə görə, hadisə yerinə yalnız biznesmenin keçmiş həyat yoldaşı Qalina buraxılıb və o da meyitin yanında şarf olduğunu təsdiqləyib.

Öz növbəsində eks-ofiser Aleksandr Litvinenkonun dul arvadı Marina da ölümündən az əvvəl Berezovskinin depresiyyadan çıxdığını, emossional vəziyyətinin yaxşılaşdığını və belə olan halda intihar versiyasının inandırıcı görünmədiyini deyib.

Xatırladaq ki, Britaniyada mühacirətdə yaşayan 67 yaşlı Boris Berezovski martın 23-də London yaxınlığındakı evində ölü tapılıb. Rusiya prezidenti Vladimir Putinin rəqibi və Kreml tərəfindən axtarışa verilən Berezovskinin hansı şəraitdə öldüyü hələ ki məlum deyil. Nə vaxtsa Rusiyada ən nüfuzlu şəxslərdən biri sayılan sahibkar keçmiş sovet məkanında demokratik islahatları dəstəkləmək üçün Nyu-Yorkda Vətəndaş Azadlıqları Fondunu təsis etmiş və Putin rejiminə müxalif Liberal Rusiya Partiyasını yaratmışdı.

Berezovski Rusiyada qiyabi məhkum edilmiş, Moskva onun ekstradisiyasını tələb etsə də, buna nail ola bilməmişdi. 2006-cı ilin payızında Berezovskinin silahdaşı Aleksandr Litvinenko Londonda üpolonium-210 radioaktiv izotopu ilə zəhərlənmişdi.



Teqlər:  





Xəbər lenti