Könüllü gömrükçülərlə növbəti görüş olub

  22 Fevral 2020    Oxunub : 1336
Könüllü gömrükçülərlə növbəti görüş olub
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev gömrük orqanlarında fəaliyyətə başlayan üçüncü “könüllü gömrükçü” qrupunun üzvləri ilə görüşüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu deyib, bunu ölkə başçısı tərəfindən könüllülərə, gənclərə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından bəhs edən S.Mehdiyev bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından dəstəyi ilə reallaşdırılan könüllülük hərəkatının da gənclərin hərtərəfli inkişafında, müxtəlif sahələrdə təmsil olunmalarında, şəxsi keyfiyyətlərinin və liderlik qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Ötən ildən etibarən gömrük orqanlarında da könüllülük hərəkatının geniş vüsət aldığını diqqətə çatdıran komitə sədri artıq könüllü gömrükçülərin 2 qrupunun fəaliyyətini başa vurduğunu, 3-cü qrupda təmsil olunmağa haqq qazanan könüllülərin də uğurlu nəticələr əldə edəcəyinə, faydalı təcrübə və biliklər qazanacağına əminliyini ifadə edib.

Vurğulanıb ki, gömrük orqanlarındakı könüllü fəaliyyət gənclərə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlarla, gömrük orqanlarının işi ilə yaxından tanış olmağa, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində reallaşdırılan layihələr və onların nəticələri barədə məlumat almağa, bir sözlə gömrük işini dərindən öyrənməyə şərait yaradacaq.

Komitə sədri onu da vurğulayıb ki, əvvəlki dövrlərdə nümunəvi fəaliyyəti ilə fərqlənən, gömrük işini və gömrük qanunvericiliyini dərindən mənimsəyən könüllü gömrükçülərdən bəziləri gömrük orqanlarında işlə təmin olunub. Bu ənənənin davam etdiriləcəyini diqqətə çatdıran S.Mehdiyev gənclərə məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə zəruri bilik və bacarıqları əldə etmək üçün səylərini artırmağı tövsiyə edib, bu məqsədlə gömrük orqanları və səlahiyyətli şəxslər tərəfindən onlara hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Xatırladaq ki, 3-cü “könüllü gömrükçü” qrupuna 300-dək gənc cəlb olunub.

Azvision.az

Teqlər: DGK   Komitə