10 ayda 31,1 milyard manatlıq məhsul satılıb

   10 ayda 31,1 milyard manatlıq məhsul satılıb
  16 Noyabr 2019    Oxunub:2170
Bu ilin on ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək 31,1 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 2,7 faiz və 3,4 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artıb, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Azvision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti