Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
Forum çərçivəsində Agentlik əməkdaşları bir sıra işgüzar görüşlər keçiriblər. Belə ki, peşəkar aqrobiznes rəhbərləri ilə keçirilən görüşlərdə AQTA-nın fəaliyyəti, qida təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib, qida təhlükəsizliyinin müxtəlif sahələrinə qarşılıqlı investisiyaların qoyulması və təcrübə mübadiləsinə şəraitin yaradılması, Oklahoma ştatında təsərrüfatların idarə olunması, tənzimlənməsi və inkişaf etdirilməsi üçün tətbiq olunan qaydalar, potensial quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, heyvanların identifikasiya sisteminin öyrənilməsi, laboratoriya analizlərinin, elmi tədqiqatların aparılması, idxal-ixrac imkanlarının nəzərdən keçirilməsi, müştərək təlim-tədris proqramlarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Forumun “Laboratoriyalar və heyvanların identifikasiyası, qeydiyyatı sistemi, bu sistemin heyvan sağlamlığının təmin edilməsində rolu” sessiyasında Agentlik əməkdaşı çıxış edib, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, sualları cavablandırıb.
Forum çərçivəsində Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə də görüş keçirilib və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Azvision.az