“Biz bir yerdə işləməyə davam edəcəyik” - Mikayıl Cabbarov
Nazir bildirib ki, noyabrın 13-də Bakıda keçiriləcək Azərbaycan-BƏƏ hökumətlərarası komissiyanın 7-ci iclası qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün səmərəli mexanizmdir. Onun sözlərinə görə, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yeni yolların araşdırılması komissiyanın gündəliyinə daxil olan əsas məsələdir.
Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər qurulduğunu, hər iki ölkənin şirkətlərinin qarşılıqlı işgüzar fəaliyyət və tərəfdaşlıq münasibətlərində fəal iştirak etdiyini diqqətə çatdıran nazir bundan sonra daha çox iş görülə biləcəyini vurğulayıb.
Dubayda Azərbaycan Ticarət evinin açıldığını xatırladan M.Cabbarov Azərbaycan-BƏƏ əməkdaşlığının iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənaye, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, turizm, innovasiya, təhsil və mədəni sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Nazir, həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə ətraflı məlumat verib, ölkəmizdə sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
"Azərbaycan BƏƏ-yə 350 milyon dollar, BƏƏ isə Azərbaycana iki milyard dollar investisiya qoyub ki, bunun 900 milyon dolları qeyri-neft sənayesinə aiddir. Biz bir yerdə işləməyə davam edəcəyik", - deyə nazir bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Mikayıl-Cabbarov BƏƏ Nazir