9 ayda 522,5 milyon manat sığorta haqqı yığılıb

9 ayda 522,5 milyon manat sığorta haqqı yığılıb
  29 Oktyabr 2019    Oxunub:1964
Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 201,7 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 351,7 milyon manat, ödənişlər isə 143,4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170,7 milyon manat, ödənişlər isə 58,3 milyon manat olub.

Hesaba dövründə sektor üzrə məcmu sığorta haqlarının 67,3 faizi könüllü, 32,7 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1 faizi könüllü, 28,9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2 faiz və ya 3,7 milyon manat, icbari növlərində isə 7 faiz və ya 9,1 milyon manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26 faiz və ya 5,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 29 faiz və ya 1,7 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası 6 faiz və ya 0,6 milyon manat) artım qeydə alınıb.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz və ya 17,1 milyon manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5 faiz və ya 3,6 milyon manat artım), daşınmaz əmlakın icbari sığortası (21 faiz və ya 4,9 milyon manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9 faiz və ya 1,1 milyon manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29 faiz (8,1 milyon manat) artım olub.

Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,6 milyon manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 milyon manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Azvision.az


Teqlər: Sığorta   Palata   Statistika  





Xəbər lenti