“İslahatlar dalğası daha da genişlənəcək” - Elman Rüstəmov

 “İslahatlar dalğası daha da genişlənəcək” -  Elman Rüstəmov
  25 Oktyabr 2019    Oxunub:2425
"Prezident İlham Əliyev andiçmə mərasimində növbəti 7 il üçün proqram xarakterli çıxış etmişdi. Bunun əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasət həyata keçirilməsi dayanırdı".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi islahatlata münasibət bildirərkən deyib.

E.Rüstəmov qeyd edib ki, ölkə başçısının siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır: "İslahatların maştabı göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxsaq, yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada olan radikal islahatlar və şəffaflaşmanın şahidi olduq. Məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır".

Baş bankir vurğulayıb ki, islahatlar dalğası başlayıb və onun əhatəsi daha da genişlənəcək: "Dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır. Bu gün dünyada 15 trilyon vəsait sıfır və mənfi faiz altındadır. Bu, o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda özlərinə gəlir gətirən mənbə tapa bilirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üzərində mübarizə aparmalıyıq".

Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütün seqmentlərini inkişaf etdirməkdir: "Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm. Beynəlxalq consaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Maliyyə   Elman-Rüstəmov  





Xəbər lenti