“Aktivlərin həcmi 42,5 milyard dollara yaxınlaşır”- Şahmar Mövsümov
Şahmar Mövsümov ilk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası və məqsədləri haqqında danışıb. O, qeyd edib ki, ARDNF-ın missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
O, həmçinin qeyd edib ki, ARDNF-ın əsas vəzifələri ölkədə makro-iqtisadi sabitliyin qorunması, tükənən təbii sərvətlərdən əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, o cümlədən, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir.
Şahmar Mövsümov çıxışında ARDNF-ın idarəetmə strukturu və hüquqi bazası məsələlərinə də toxunub. Bununla yanaşı, təqdimat çərçivəsində ARDNF-ın fəaliyyəti boyu ölkə iqtisadiyyatına və dövlət büdcəsinə töhfələri də işıqlandırılıb. Ş.Mövsümov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, STAR Neft Emalı Zavodu, Cənubi Qaz Dəhlizi, Samur-Abşeron su kanalının yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su borusunun tikintisi və ARDNF tərəfindən maliyyələşdirilən digər yerli və xarici layihələr barədə də iştirakçıları məlumatlandırıb.
İcraçı Direktor ARDNF-ın investisiya portfoliosu barədə də ətraflı məlumatla çıxış edib. O, qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır.
“Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”,- Ş.Mövsümov əlavə edib.
Azvision.az
Teqlər: ARDNF