Elektrik enerjisinin istehlakı 26 faiz artıb

  18 Oktyabr 2019    Oxunub : 799
 Elektrik enerjisinin istehlakı 26 faiz artıb
Elektrik enerjisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. O, bildirib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehlakı 3,7% artaraq, 16,3 milyard kVt/s təşkil edib. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kVt/s həcmində olacağı proqnozlaşdırılır.

"Bu tələbatı yaxınlarda istismara verilmiş, qoyuluş gücü 400 MVt olan “Şimal-2” elektrik stansiyası, istilik, modul tipli və su elektrik stansiyalarının reabilitasiyası, eləcə də Qobuda 2020-2021-ci illər ərzində quraşdırılacaq ümumi qoyuluş gücü 385 MVt olan modul elektrik stansiyasının hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri vasitəsilə ödənilməsi planlaşdırılır".

P.Şahbazov hesab edir ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də mövqeyini gücləndirib:

“Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt/s elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVt/s-a qədər azalıb. İxrac isə, əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVt/s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 111,5 milyon kVt/s idxala qarşı 1,1 milyard kVt/s elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 milyon kVt/s, Rusiyaya 120,7 milyon kVt/s, Türkiyəyə 56,5 milyon kVt/s, İrana isə 28,7 milyon kVt/s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 74,8 milyon kVt/s, İrandan 27,4 milyon kVt/s, Gürcüstandan isə 9,3 milyon kVt/s olub”.

“Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan Gürcüstana və Türkiyəyə elektrik enerjisinin ixracı üçün texniki imkanlar 2013-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsi olan 500 kV-luq Samux-Qardabani HEVX, “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq “Axaltsixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksəkgərginlikli 400 kV-luq EVX-in istismara verilməsi ilə yaradılıb. 2018-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında elektroenergetika əlaqələrinin genişləndirilməsi barədə Niyyət Memorandumu”na uyğun olaraq hazırda iki ölkə arasında elektrik verilişi dəhlizinin texniki imkanlarının artırılması məqsədilə 330 kV-luq “Ağstafa-Qardabani” hava xətti yenidən qurulur”, - deyə məqalədə qeyd edilir.

Azvision.az

Teqlər: Elektrik-enerjisi