“Yeni iqtisadi islahatlar mərhələsi başlayır” - Vüqar Bayramov
Azvision.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2020-ci il Azərbaycan üçün yeni iqtisadi strategiyanın hazırlanması baxımından önəmli il olacaq.
V.Bayramov vurğulayıb ki, müşavirədə Prezident tərəfindən qarşıda duran çağırışlar və bu çağırışların həlli istiqamətində konkret prioritetlər müəyyənləşdirilib.
"Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Burada söhbət kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və bu kontekstdən büdcə gəlirlərində şəffaflığın gücləndirilməsindən gedir. Prezident büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcə şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu, növbəti ildə həyata keçiriləcək islahatların strukturu, eyni zamanda, prioritetliyi baxımından çox vacibdir".
Ekspert əlavə edib ki, 2020-ci ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sferaya yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, pensiya və təqaüdlərin həcmi 3,2 milyard manat olacaq. Nəticədə birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə 10 milyard manatadək yönəldiləcək ki, bu da büdcənin sosiallığından xəbər verir.
Azvision.az
Teqlər: Vüqar-Bayramov