Gəncədən Gürcüstana çəkilən yol 2021-ci ildə hazır olacaq

Gəncədən Gürcüstana çəkilən yol 2021-ci ildə hazır olacaq
  17 Oktyabr 2019    Oxunub:2589
“Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləzi qəsəbəsinə qədər - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir. Nəzərə alınıb ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin”.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin qəbulunda məlumat verib.

Bundan başqa, S.Məmmədovun sözlərinə görə, Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində də işlər davam etdirilir: “Bu ilin sonuna qədər yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72%-i artıq yerinə yetirilib. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınıb. Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik”.

Agentlik rəhbəri Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilişi barədə də danışıb: “İran sərhədinə qədər yol çəkilib. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi həll olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin daxilindən çıxarılacaq”.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti