“Qərbi Çıraq” platforması 15 gün işləməyəcək

  11 Oktyabr 2019    Oxunub : 953
“Qərbi Çıraq” platforması 15 gün işləməyəcək
“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının əməliyyatçısı olan BP şirkəti AÇG-nin illik iş proqramının bir hissəsi olaraq oktyabrda Xəzər dənizindəki “Qərbi Çıraq” platformasında planlaşdırılmış profilaktik işlər həyata keçiriləcək.
“BP Azerbaijan”dan Azvision.az -a bildirilib ki, plana əsasən, “Qərbi Çıraq” platformasından hasilat oktyabrın 15-dən başlayaraq təxminən 15 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2018-cı ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2019-cu ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib.

AÇG yatağındakı digər platformalardan (“Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli”) və “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Azvision.az

Teqlər: BP   Platforma