Azərbaycanın innovasiya strategiyası hazırlanır

Azərbaycanın innovasiya strategiyası hazırlanır
  03 Oktyabr 2019    Oxunub:1956
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qlobal innovasiya indeksi 2019”da Azərbaycanın mövqeyi ilə bağlı müzakirələr aparılıb.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, müzakirələrdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti işçi qruplarının rəhbərləri və nümayəndələri iştirak edib. Qeyd olunan reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün görülən işlər barədə dolğun məlumatların toplanılması, innovasiyanın inkişafı prosesində iştirak edən qurumların lazımi səviyyədə əlaqələndirilməsi və gələcək islahat tədbirləri haqqında müzakirələr olub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi modelə keçid əsasında aparılan iqtisadi islahatlarda qlobal innovasiyalar trendinə uyğunlaşma prioritet təşkil edir. O, Strateji Yol xəritələrində də innovasiyayönümlü inkişafa xüsusi yer verildiyini, elektron hökumət və elektron məhkəmə, habelə təhsil və elm sahəsində görülən işlərdən danışıb:

“Ölkə başçısının tapşırığına uyğun olaraq nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir, Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb, “EnterpriseAzerbaijan.com” portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir. Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi “Qlobal İnnovasiyalar Hesabatı”nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov müzakirə zamanı “Qlobal İnnovasiya İndeksi 2019”da Azərbaycanın mövqeyi və gələcək addımlar mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanın mövqeyini digər ölkələrə müqayisə etdikdə irəliləmək üçün potensialın olduğu aydınlaşır. Xüsusən innovasiya sahəsində son illərdə yaradılan infrastruktur və investisiya mühiti bunu deməyə əsas verir.

Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində yerləşən Kornell Universiteti (Cornell University) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization-WIPO) tərəfindən hazırlanır. 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.

Azvision.az



Teqlər: Azərbaycan   İİTKM  





Xəbər lenti