Adını “Forbes”də görmək istəyən sumqayıtlı qız

  20 İyun 2019    Oxunub : 5759
 Adını “Forbes”də görmək istəyən sumqayıtlı qız
XX əsrin görkəmli amerikalı təhsil nəzəriyyəçisi Con Dyuvinin gözəl bir kəlamı var: “Təhsil həyata hazırlıq deyil, həyatın özüdür”

Bəli, keyfiyyətli təhsil xalqın işıqlı gələcəyi, həyatın özü deməkdir. Bu mənada Azərbaycanla ABŞ-ın təhsil sistemi arasında fərqlər çoxdur.
Əgər Azərbaycanda şagirdlərə elmin nəzəri tərəfləri tədris olunursa, ABŞ-da isə elmi nəzəriyyənin tətbiqi üsullarına üstünlük verilir. Nəticədə azərbaycanlı şagirdlər daha çox məlumatlı olsalar belə müstəqil həyata hazır olmurlar. Amerikalı həmyaşıdları isə onlardan fərqli olaraq bacarıq və vərdişələrə mükəmməl yiyələnirlər.

Bu gün sizə Azərbaycanda yaşasa da, amerikalı şagirdlərə xas olan bacarıq və vərdişləri özündə ehtiva edən bir yeniyetmədən söhbət açmaq istəyirəm. Adı Ayan, soyadı Abdulovadır. 2003-cü ildə Sumqayıtda dünyaya gəlib. Doğulduğu şəhərin Təbiət Elmləri Təmayüllü Gimnaziyasının onuncu sinfini təzə bitirib. Dərs əlaçısı olmaqla yanaşı, tənqidi və yaradıcı düşüncəyə malik insandır. Gələcəkdə İstanbul Universitetinin kompüter elmləri fakültəsində bakalavr, Amerikada isə magistr dərəcələrinə yiyələnmək istəyir. Yaxın hədəfi isə bir illik “FLEX” proqramını qazanıb, orta təhsilini ABŞ-da yekunlaşdırmaqdır. Yaşının az olmasına baxmayaraq, bir sıra uğurlara imza da atıb. Zarafat deyil, 2019-cu ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçirilən, Niderland kraliçasının, eləcə də ABŞ prezidentinin qızı İvanka Trampın açılış etdiyi “Qlobal Sahibkarlıq Sammiti”ndə “Ən gənc sahibkar” adına layiq görülüb və xarici medianın diqqətində olub. ABŞ, Çin və Niderlandın kütləvi informasiya vasitələrində onun haqqında məqalələr işıq üzü görüb.

Əslində onun qazandığı uğurların tarixçəsi bir il bundan əvvəl başlayıb. İlk nailiyyəti 2018-ci ilin fevral ayına təsadüf edir. “İntel İSEF” beynəlxalq təşkilatının Azərbaycan Təhsil nazirliyi ilə birlikdə məktəblilər arasında keçirdiyi “Sabahın alimləri-2018” respublika müsabiqəsində “Əlillər üçün beyinlə idarə olunan interfeys” layihəsi ilə birinci yeri əldə edib. 2018-ci ilin may ayında dünyanın əlli iki ölkəsinin qatıldığı “Climatelaunchpad” müsabiqəsində “PictoFy” layihəsinə görə “Tamaşaçıların sevimli startapı” nominasiyasına layiq görülüb. Sonra dünyanın yetmiş ölkəsinin iştirak etdiyi beynəlxalq səviyyəli “Creative Business Cup” müsabiqəsində ikinci yerə çıxaraq, Çinin Şanxay şəhərində Azərbaycanı təmsil etmək hüququ qazanıb. 2018-ci ilin noyabr ayında İqtisadiyyat nazirliyi ilə BMT-nin təşkil etdiyi ikinci Respublika İnnovasiya Müsabiqəsində “PictoFy” layihəsi ilə ikinci yerə layiq görüldüyü üçün İstanbulda keçirilən konfransa dəvət olunub. Həmin il "Microsoft" şirkətinin "Girls in Artificial intelligence" təqaüdünə sahib olub. Bu ilin fevral ayında isə “Sabahın alimləri-2019” respublika müsabiqəsində ikinci yeri tutub. Eyni zamanda baş ofisi Tayvanda yerləşən beynəlxalq “ACER” şirkətinin kompyuter elmləri üzrə “Ən yaxşı innovativ layihə” müsabiqəsinin qalibi seçilib...

Deyir ki,- “Ən böyük arzum məşhur “Forbes” jurnalının reytinq cədvəlinə adımın düşməsidir. İstəyirəm ki, mənim yerli layihələrim qlobal təsirə malik olsun. Həmyaşıdlarıma isə tövsiyə edirəm ki, heç vaxt ruhdan düşməsinlər, çox oxusunlar, çalışqan, inadcıl olsunlar”

İngilis, rus, türk dillərində fikirlərini sərbəst ifadə edə bilir. Riyazi biliklərə, dərin təfəkkürə malik olan, çox danışmağı xoşlamayan bu yeniyetmə qızla söhbətimiz zamanı bir daha əmin oldum ki, Azərbaycan məktəblisi xarici ölkələrdə yaşayan, müxtəlif xalqları təmsil edən həmyaşıdlarından heç də geri qalmır. Bəli, uşaqların savadlı, bacarıqlı olmasında ailə və məktəbin müştərək rolu vacibdir. Biz bu birliyə nail olsaq Ayan kimi övladlar çox yetişər. Və ölkəmizi dünya miqyasında təmsil edənlərin sayı artar.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az

Teqlər: ABŞ   Təhsil   Məktəbli   Sumqayıt