Bakı məktəblərində 412 nəfər qiyabi təhsil alır

  11 İyun 2019    Oxunub : 1248
 Bakı məktəblərində 412 nəfər qiyabi təhsil alır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 4 ümumi təhsil müəssisəsinin - 193, 136, 25 və 248 nömrəli tam orta məktəblərin nəzdində qiyabi qruplar fəaliyyət göstərir. Hazırda həmin məktəblərdə qiyabi qruplarda 412 nəfər təhsil alır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qiyabi qruplarda təhsil alan şəxslər 19-55 yaş aralığındadır. Onlardan 82-si qadın, 330-u kişidir.

Ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplarda təhsil prosesi vahid qaydalar əsasında təşkil olunur və tənzimlənməsi təmin edilir.

Gündüz ümumi təhsil məktəbləri nəzdindəki qiyabi qruplar təhsil sisteminin tərkib hissələrindən biridir. Qiyabi qruplarının əsas məqsədi gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaqdan ibarətdir.

Məlumatda qeyd edillib ki, gündüz ümumi təhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planına əsasən, qiyabi qruplar 9 nəfərdən az olmamaqla komplektləşdirilir. Qiyabi qruplarda dərslər məktəb direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə 3 gün tədris edilir.

Qiyabi qruplarda təhsilalanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır. Qiyabi qruplarda təhsilalanların tədris olunan fənlər üzrə proqram materiallarını mənimsəməsi səviyyəsinə uyğun olaraq, yarımillik və illik qiymətlər müəyyən edilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bakı   Təhsil   Məktəb