Ucqar kənd müəllimi: “Pilot olmaq istəyirdim, atam icazə vermədi” - MÜSAHİBƏ (FOTOLAR)

 Ucqar kənd müəllimi:  “Pilot olmaq istəyirdim, atam icazə vermədi” -  MÜSAHİBƏ (FOTOLAR)
  08 İyun 2019    Oxunub:13565
“Buz kimi bulaq suyu ilə paltar yuyuram, amma işimi çox sevirəm”
Zeynəb Məmmədli Lənkəran rayonunda boya-başa çatsa da, müəllim işləmək üçün Qubanın ucqar kəndini seçib. Kənd həyatının çətinliklərinə baxmayaraq, o, işindən, şagirdlərlə işləməkdən zövq alır.

Qubanın Cimi kənd orta məktəbinin Riyaziyyat və informatika müəllimi Zeynəb Məmmədlinin Azvision.az -a müsahibəsi:

- Gəlin, bu sualdan başlayaq: Zeynəb Məmmədli kimdir?



- Məmmədli Zeynəb Akif qızı 1993-cü il 6 iyulda Lənkəran şəhərində anadan olmuşam. 1999-cu ildə R.Məmmədov adına 5 nömrəli tam orta məktəbə qəbul olub, 2010-cu ildə həmin məktəbin 11-ci sinfindən məzun olmuşam. Təhsilimi yaşadığım Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə davam etdirmişəm.

- Necə oldu ki, müəllim olmaq qərarına gəldiniz?



- Nə yalan deyim, o zamanlar fərqli arzularım olurdu. Müəllimlik isə bu arzularıma qəti daxil deyildi. Dizayner olmaq istəmişdim, bacarığım var idi. Ailəm məni bu fikirdən uzaqlaşdırdı. Daha sonra pilot olmaq arzusuna düşdüm, ixtisas seçəndə "bəlkə inşaat mühəndisliyi olsun" dedim. Amma hər sözümün qarşısında atamdan bir cavab aldım: "Riyaziyyat müəllimi olacaqsan, yalnız Lənkəran Dövlət Universitetində oxuyacaqsan". Atam Bakıda təhsil almaq üçün maddi imkan çatmaz deyə düşünürdü. Beləliklə, atamın istədiyi ixtisasa qəbul oldum. Hər şey bundan sonra başladı.

- Deməli, atanızın istəyi ilə müəlllimliyi seçdiniz...



- 3 il ardıcıl müəllimlərin işə qəbul imtahanında iştirak etdim, 4-cü imtahandan işə qəbul oldum. 3 il müddətində sevə bilmədiyim bu peşədən uzaq qaçmağa çalışdım. İlk dəfə ümumiyyətlə, istəksiz olduğum üçün imtahana qeyri-ciddi yanaşıb, 3-5 sualı heç oxumadan nə cavab gəldi yazıb çıxmışdım ki, qəbul olmayım. Sonrakı imtahana qədər 1 il müddətində boş qalmamaq üçün fərqli sahələrdə çalışmağa başladım. Printer başında durub kağızların üzünü çıxarmaqla məşqul oldum. Bu işə 2-3 ay davam etdim. Daha sonra satıcı işlədim, 7 ay çalışdım. Ağlayaraq ayrıldım işdən və ayrılma səbəbini izah edə bilmədim. Çünki nəyinki heç kim, heç özüm də anlaya bilmirdim ki, bu işlər mənim ruhuma aid deyil. O zaman qərar verdim ki, müəllimlik haqqında ciddi düşünməliyəm. Bu yerlərdə işləyərkən balaca şagirdim var idi, uzaq qohum olduğu üçün mənim onunla məşqul olmağımı istəmişdilər. Bir neçə ay işdən sonra onunla çalışırdım. Bəlkə də o məndə müəllimlik həvəsi yaratdı. Onda şagird sevgisinin necə gözəl olduğunu gördüm.

- MİQ-də iştirak edib nə qədər bal toplamışdınız?

- 2 il ardıcıl olaraq MİQ-də 35.13 və 35.14 bal yığaraq 0.9 bal ilə işə qəbuldan kəsildim. O zaman müddətli müqavilə ilə iş yeri seçmək Təhsil Nazirliyinin seçimi ilə deyildi. Yerli rayon təhsil şöbələrinə müraciət edirdin. Nəhayət, 2017-ci ilin MİQ imtahanına 2 ay qalmış ciddi çalışmağa başladım və 46.19 bal ilə yer seçiminə qatıldım.



- Yəqin ki, Lənkərandan Qubaya gəlmək, orada ailədən uzaq yaşamaq o qədər də asan deyil.

- Lənkərandan Qubaya getmək üçüm əslində çox səbəblərim var idi. Düşünürdüm ki, seçəcəyim yer Şimal zonası olmalıdır. Qubada isə yalnız olacaqdım, sıfırdan başlayacaqdım. Qazanacağım uğurlarımın arxasında yalnız öz imzam olacaqdı. Mənim uğurlarımı "filankəsin qızıdır, filan müəllimin qohumudur, özümüzkidir" deyə özəlləşdirən olmayacaqdı. Ən çox düşündüyüm tərəf isə Qubada həqiqətən İnformatika və riyaziyyat müəlliminə ehtiyyacın olması idi. Çünki Lənkəran Dövlət Universiteti hər il bu ixtisas üzrə təxminən 50 məzun buraxır ki, onların da əksəriyyəti elə Lənkəran və ətraf rayonlarda olduğundan bizdə bu vakant yerlərə müəllim çatır. Lakin Qubada təhsil hələ indi inkişaf edir. Yeni rayon təhsil şöbəsinin müdiri təyin edildikdən 1 il keçməsinə baxmayaraq, Qubanın təhsil tarixində çox ciddi irəliləyişlər baş verdi. 2017-ci ildə mənə, mənim kimi müəllimlərə orda daha çox ehtiyacın olduğunu düşündüm və yanılmadım. Ucqar dağ kəndində işləmək həvəsim çox idi. Ucqar kəndlərə 2 il öncəyə kimi meyl edən gənclər barmaqla sayılası idi və elə yerlərdə yaşayan şagirdlərin təhsildə geri qalmaları bu səbəbdən - ixtisas müəlliminin olmamasından yaranırdı. Yalan danışmıyacağam sizə, çünki sırf təhsil fədakarı olduğum üçün deyil, həm də maddi zəifliyim olduğu üçün ucqar yeri seçdim.



- Bu qərarınıza qarşı çıxanlar oldumu?

-Fikrimdən daşındırmağa çalışanlar çox idi. "Cənubdan Şimala?!" "Qız uşağını evdən o qədər uzaq getməsi doğrudur ki?!" "Burdan Qubaya getdiyin üçün iki dəfə çox maaş alacaq?!" deyə fikirlərlə ailəmə və mənə təsir etməyə çalışanlar var idi. Heç özüm də gözləmirdim ki, atam mənə bu qədər dəstək olacaq. "Get Qubaya, sənin sayəndə bəlkə biz də gəlib gəzdik o gözəllikləri" deyərək zarafatlaşırdı. Yenə inana bilmirdim. Amma qərarım qəti idi. İmtahanın bütün mərhələlərini keçib Qubanın Cimi kəndində müəllim kimi işə qəbul oldum. Cavab çıxdığı andan atam məndəm öncə maraqlanmağa başladı, bütün əlaqələrindən istifadə edərək orada kimin evində qala biləcəyimi araşdırdı və ailəmlə birgə Qubaya, ordan da kəndə yola düşdük. O gün bu gündür ki, o kənddə çalışıram.

- Bəs harada qalırsınız?

- Cimi kəndində qalıram. Çox çətin şəraiti olan bir kənddir. Qonşu həyətə gedib, ordan vedrə ilə evə su daşıyıram. Qış aylarında qarı, şaxtası əskik olmur. Amma çox gözəl mənzərəsi var. Sizə deyim ki, hər sabah balkona çıxaraq bir fincan isti çayı o mənzərəni seyr edərək içmək orda yaşadığım bütün əziyyətlərin yorğunluğunu çıxarır.

- Ailədən kənarda yaşamaq çətin deyil?

- Yox. İlk dəfə olsa da ailəmdən uzaq qalmağım mənə çətin gəlmədi. Çünki internet əsridir, lazım olanda zəng edib danışırsan və darıxmırsan. Ev işləri və yemək bişirməkdə isə anam sayəsində peşəkar olduğum üçün bu da heç çətin gəlmir. Hətta buz kimi bulaq suyunda paltar yumaq, su daşımaq, həm işə gedib, həm ev işlərni görmək mənim üçün çətin deyil.



- Kənd uşaqlarının dərsə marağı necədir?

- İlk dəfə məktəbə getdiyimdə şagirdlərin mənə necə diqqətlə baxdığını, necə ümid dolu yanaşdıqlarını görmək başqa hisslər idi. Çünki məktəbdə yaxın 30 il ərzində qadın müəllim çalışmamışdı. Balaca şagirdlərim məni görəndə "qız müəllim" deyirdilər. Sonra öyrətdim ki "müəllimə" deyə bilərsiniz.

Burada məni ən çox ağrıdan hadisə budur ki, qızların təhsil almasına çox pis baxırlar. Burdakılar "qız dediyin yaşı çatdığında ailə qurar, oğul- uşaq sahibi olar" fikriylə yaşayan insanlardır. Buna baxmayaraq, dərslərində olduqca maraqlı və çalışqan olan qız şagirdlərimiz var.



- Kənddə şagirdlərin bilik səviyyəsi sizi qane edirmi?

- İşə başladığım ilk günlərdə uşaqların riyazi savadının nə vəziyyətdə olduğunu görüncə ağlamaq istəmişdim. Vurma cədvəlini əzbər bilən şagird sayı məktəb üzrə 3, ya da 4 nəfər idi. Çox acınacaqlı vəziyyət idi. Yuxarı siniflərə belə vurma cədvəlindən başladım, 5-ci sinfə aid materialları onlara işlədərək irəliləyiş yaratmağa çalışırdım. Elə məni şagirdlərimə sevdirən tərəf də bu oldu. Çox gözəl hissdir ki, şagirdindən eşidəsən "müəllimə, siz daha yaxşı keçirsiniz, bilmədiklərmizi də öyrədirsiz", "müəllimə, nə olar, bizə də siz dərs deyin". Kəndin yaşam şəraiti çox çətin olduğundan mən tez-tez xəstələnməyə başladım. İl ərzində 4-5 dəfə 5-10 günlük bülletenə çıxmalı olurdum. Qayıdanda isə şagirdlərimin necə darıxdığını, "müəllimə, bu dərsi filan müəllim keçdi, amma siz də keçin, daha yaxşı başa düşək" demələri, bülletenə gedərkən "müəllimə, tez sağalın" arzu etmələri məni o kənddə bu günə kimi tutub saxlayan yeganə hissdir.



Şagirdlərimi çox sevirəm. Onlarla çox səmimiyəm. Nədənsə ən çox qorxduqları müəllimləri də mənəm. Onlara hər iki fənn üzrə bacardığım qədər, şəraitin imkan verdiyi qədər hər şeyi öyrətməyə çalışıram. Dərsdən sonra isə onlarla məktəb tədbirləri üçün məşqlər edirəm. Kimisinə aparıcılıq, kimisinə bədii qiraət, kimisinə rəqs, kimisinə mahnı oxumaq bacarıqlarını aşılayıram. İlk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl tədbirini hazırlamışdıq. O tədbirdən sonra bütün şagirdlərimdən təşəkkür aldım. Deyirdilər, "ilk dəfədir biz belə tədbir görürük, çox sağ olun".

Bundan əlavə, mən şagirdlərimin evlərinə vaxtaşırı iş yoldaşlarımla qonaq gedirəm. Müəllim şagirdini hər tərəfli tanımalıdır. Gedib bir fincan çay içməklə onları nə qədər xoşbəxt edə bildiymizi düşünürsünüz?! Doğum günləri olduqda qonaq çağırırlar, hətta gəlib evdən aparırlar ki "sizi gözləyirik, gəlməsəniz, gedən deyilik" deyirlər. Hərdən isə mən onları qonaq çağırıram. Çox danışa bilərəm burdakı həyatımdan. Sadəcə bir kəlmə ilə yekunlaşdırıram: Şagirdlərimi çox sevirəm, onlar üçün əlimdən gələn hər şeyi edərəm!



- Yəqin ki, kənddə kirayə qalırsınız. Nə qədər ev pulu verirsiniz?

- Həmkarım İlahə müəllimə ilə eyni evdə qalırıq. Bu evi tapana qədər və bu evdə yaşadığımız müddətdə çox çətinliklər çəkdik. Ev sahibləri kirayə haqqı istəmədilər. Sadəcə "ata ocağıdır, diqqət edin, əyri-əksiyini düzəldib yaşayın" dedilər. Biz o evə girəndə sadəcə 4 divar və 3-4 nimdaş palazdan başqa heçnə yox idi. Başqa ev də tapa bilməzdik. İş yoldaşlarımız sağ olsunlar, gəlib elektrik xəttlərini yenilədilər. Çox köhnə ev olduğundan və uzun illər heç kim yaşamadığından elektrik xəttləri köhnə və dözümsüz idi. Elektrik sayqacı olmadığı üçün ev yiyəsinə sayğac üçün lazım olan 170 AZN dövlət rüsumunu verdik ki, özü həll etsin. O evdə elə gözəl şərait yaratdıq və hər ay verəcəyimiz kirayə pulu evə xərclədik.

- İş yerinizi dəyişmək fikriniz varmı?

- Bəli, var. Bu il istəməsəm də, ürəyim Cimidə şagirdlərimdə qalsa da, yerimi dəyişməliyəm. Çünki səhhətimdə çox problemlər yaranır. Kənd dəniz səviyyəsindən 1200-300 metr yüksəklikdə olduğu üçün təzyiqim tez-tez qalxır. Buna görə kəskin baş ağrılarım yaranır və soyuqdan xəstələnirəm. Orada qışın şaxtalı günündə paltarları buz kimi bulaq suyunda yuyub bir ay qrip oluram. Hətta tez-tez angina olurdum. Bu səbəbdən aprel ayında müayinə zamanı "Xroniki dekompensə olunmuş tonzilit" diaqnozu qoyularaq əməliyyat keçirdim. Məcburiyyət qarşısında nisbətən yaxın yerlərə yerdəyişmə edəcəyəm. Qubanın digər kəndlərini hədəf almışam.

- Məktəbdə gənc müəllim yalnız sizsiniz?

- Xeyr, mənimlə birgə burada 10 gənc müəllim kənar yerlərdən gələrək çalışır. Məktəbimiz əvvəllər köhnə idi, lakin aprel ayında burada modul tipli məktəb inşa olundu.

Aytən Zəhra
Azvision.az


Teqlər: Quba   Müəllim  





Xəbər lenti