Magistraturaya qəbulun növbəti mərhələsi başlayır

  26 May 2019    Oxunub : 929
Magistraturaya qəbulun növbəti mərhələsi başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər. Bu sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfəri oğlan, 4955 nəfərini qızdır. Onların 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.

Azvision.az

Teqlər: DİM   İmtahan   Magistratura