Komitə sədri və müavinləri qəbul keçirib

Komitə sədri və müavinləri qəbul keçirib
  23 May 2019    Oxunub:1420
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 23-də Zaqatala rayonunda vətəndaşları qəbul edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbulda Zaqatala və Balakəndə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların müraciətləri, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Bu il aprelin 1-dən vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması da məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür. Paytaxtda və bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Qeyd olunub ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.Qəbulda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də iştirak edib.

Həmçinin qeyd edək ki, mayın 23-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oğuz və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünləri Oğuzda, sədr müavini Sabir Əhmədov isə Şəki şəhərində və Qax rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri Şəkidə qəbul ediblər.

Azvision.az



Teqlər: Sədr   qəbul  





Xəbər lenti