Yeni kanalın missiyası nədir? | MÜSAHİBƏ

 Yeni kanalın missiyası nədir?  |  MÜSAHİBƏ
  09 Noyabr 2024    Oxunub:2502
Xəbər verdiyimiz kimi Azərbaycanda ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. İngilis dilində yayımlanacaq ANEWZ Azərbaycan teleməkanında ilkə imza atacaq.
Telekanalın Xəbərlərin İnkişafı və İnnovasiya üzrə direktoru Fikrət Doluxanov "AzVision"a bildirib ki, Azərbaycanda uzun müddətdir, rus dilində media qurumları fəaliyyət göstərir, rusdilli jurnalistika güclüdür. Bu özünü həm televiziya məkanında, həm də xəbər agentliklərində göstərir. Hətta elə televiziya kanalı var ki, bir neçə dildə yayım da təşkil edə bilir:

- Bununla da rusdilli auditoriyanı, regionumuzdakı keçmiş sovet ölkələrini və MDB ərazisini əhatə edə bilirdik. Ətrafımızda olan ölkələrin böyük qismi rusdilli sayılır. Bizim üçün hər zaman əsas və aktual məsələ Qarabağ münaqişəsi olub. Ermənistan da rusdilli ölkə sayıla bilər. Bir sözlə, rus dilində informasiyaların çatdırılması istiqamətində işlər qurulurdu. Amma təəssüf ki, ingilis dilində formalaşmış güclü jurnalistika məktəbi yox idi. Düzdür, müxtəlif kanallarda kimlərsə müyyən yayımlar aparıb, agentliklərdə bu istiqamətdə bəzi işlər görülüb. Sadəcə olaraq, burada pərakəndəlik var. Hansısa vahid ingilisdilli media məktəbindən danışa bilmirdik. Ona görə də düşünürəm ki, sırf ingilis dilində fəaliyyət göstərəcək və əsas hədəf kimi xarici auditoriyanı seçən bir kanalın açılması belə bir məktəbin formalaşmasına əla zəmin yaradır.
Yeni kanal həm də xarici dilə maraq göstərən, bacarığı olan, ingilis dillində yazıb-yaratmış və ya çalışmaq istəyən hər kəsi maqnit kimi çəkəcək.
Rusdilli jurnalistikanın missiyası Azərbaycan reallıqlarını, region barədə məlumatları və bizim bölgəmizə, dünyada baş verən proseslərə baxışımızı rusdilli auditoriyaya çatdırmaq idi. Eyni missiya da bizim üzərimizə düşür. Sadəcə olaraq biz bunu ingilisdilli auditoriyaya çatdıracağıq.

- “ANEWZ” fəaliyyətə COP29 ərəfəsində başladı. İngilisdilli telekanal olduğunuz üçün yəqin ki, bu mühüm beynəlxalq tədbiri daha aktiv şəkildə işıqlandıracaqsınız.
- Ümumilikdə 2024-cü il yaşıl enerji, yaşıl gündəliyin güclü olduğu bir dönəmdir. Təbii ki, bütün bunlar bizim yayımıza, redaksiya siyasətimizə təsir göstərəcək. Məzmun və mövzularımızın böyük bir hissəsi sadalanan sahələrə həsr olunacaq. Ancaq bu o demək deyil ki, qarşıdakı dönəmdə yalnız bu mövzu barədə danışacağıq. Sadəcə olaraq COP29 çox böyük və olduqca vacib bir tədbirdir. Fəaliyyətimizə bu beynəlxalq tədbir ərəfəsində başlamağımız səbəbindən daha çox işləməli olacağıq. Eyni zamanda COP-da olan çıxışlar və iştirakçıların nitqi ingilis dilində olacaq. Bu imkan verir ki, onların fikir və çağırışlarını öz baxış çərçivəmizdə həm maraqlı olan yerli, həm də xarici auditoriyaya operativ şəkildə çatdıraq. Bu olduqca genişmiqyaslı tədbir sayılır. Nəinki regionda, dünyada belə böyük tədbir tez-tez keçirilmir. Ona görə də bu şansdan televiziya kanalı olaraq biz də maksimum yararlanmalıyıq.

- İngilis dilində olan xəbər mənbələri ilə işləmək çətin olmayacaq ki?
- İngilis dilində olan mənbələrin hamısı Qərb ölkələrinin media kanallarından qaynaqlanır. Onlar Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq problemində çox vaxt ağ-qara yanaşma ortaya qoyurlar. O mənbələrdə boz çalarlar mövcud olmur. Məlum yanaşma əslində dünyada gedən bütün proseslərdə özünü göstərir. Çünki qütbləşmə getdikcə güclənir. İnformasiya məkanında hansısa tərəfdə dayanmalı olursan. Amma Azərbaycanın mövqeyi buna imkan verir ki, biz təkcə özümüz və region barədə ortada olan informasiyaları deyil, həm də dünya ilə bağlı obyektiv yanaşmamızı çatdıraq. Çünki bizim əksər ölkələrdən fərqli olaraq bütün münaqişələrdə hər iki tərəflə normal münasibətlərimiz var. Bu mənada tərəflar arasında yaranan anlaşılmazlıqları, münaqişələri bir çox Qərb ölkələrindən daha yaxşı anlayırıq. Bu amil kollektivimizə imkan verəcək ki, ingilisdilli auditoriyaya təkcə özümüz və region barədə deyil, digər bölgələrdə baş verən hadisələr haqqında da alternativ baxış bucağı göstərək.

- Artıq bəzi təcrübəli media nümayəndələrinin aparıcı kimi efirə çıxmasını gördük. Başqa tanınmış simaları da cəlb edəcəksinizmi?
- İstənilən telekanal çalışar ki, mümkün qədər çox tanınmış simanı öz kollektivinə cəlb etsin. Amma telekanalı gücləndirən təkcə orada çalışan tanınmış kadrlar, simalar olmur. Təkcə azərbaycanlı jurnalistlərlə yox, həmçinin, əcnəbilərlə də əməkdaşlıq edirik. Həmin kadrlarımız Azərbaycanda tanınmasalar da, xaricdə kifayət qədər üzdə olan media nümayəndələri olublar. Bu amil isə regionl auditoriya ilə yanaşı digər xarici auditoriyanı da özümüzə cəlb etmək üçün gözəl bir zəmin yaradır.

- Bəs digər telekanallar, xarici televiziya şirkətləri ilə əməkdaşlıqlara dair planlarınız varmı?
- Bəli, belə əməkdaşlıqlar var. Sadəcə bəzi məqamları açıqlaya bilmirik. Çünki bu əməkdaşlıqlar bəzən müəyyən çərçivələrdə həyata keçirilir. Burada kommersiya və ya qeyri-komersiya əsasları da nəzərə alınır. Bu mənada planlarımızı tam şəkildə açıqlamaq olmur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Telekanal   Xarici-Dil  





Xəbər lenti