Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında təmsil olunub

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında təmsil olunub
  15 Noyabr 2024    Oxunub:358
13-15 noyabr tarixlərində Kolumbiya Respublikasının Kartaxena şəhərində BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyası keçirilib.
Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə keçirilən sessiyada Təşkilata üzv olan 31-dən çox dövlətin iştirakı baş tutub. Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

Sessiya çərçivəsində hazırda ölkəmizin ev sahibliyi ilə keçirilməkdə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eləcə də COP Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində COP29-un tematik proqramına ilk dəfə olaraq turizmin daxil edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ölkələr "COP29 Turizm günü Tədbirləri" çərçivəsində təşkil ediləcək "Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü"nün yekununda qəbul edilməsi nəzərdə tutulan Bəyannaməyə qoşulmağa çağırılıb

Bununla yanaşı, Təşkilatın İcraiyyə Şurasının üzv dövlətləri 2025-ci ilin birinci yarısında ölkəmizin ev sahibliyi ilə təşkil ediləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edilib.

Həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edilərək, müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.

BMT Turizmin Baş katibi Zurab Pololikaşvili öz növbəsində təqdim etdiyi hesabatda ölkəmizdə COP29-un yüksək səviyyəli təşkili münasibətilə Azərbaycanı təbrik edib, COP29-un nəinki Qafqazın, bütün regionun nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

İclasın sonunda keçirilən seçkilərin yekununda Braziliya 2025-ci il üzrə BMT Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti