Zelenski Şolzun Putinə zəngini “Pandorra qutusu” adlandırıb

Zelenski Şolzun Putinə zəngini    “Pandorra qutusu”    adlandırıb
  16 Noyabr 2024    Oxunub:1365
Şolzun Putinə zəngindən sonra digər liderlər də Moskva ilə danışıqlara başlaya bilər ki, bu da onun təcrid vəziyyətini yüngülləşdirə bilər.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolzun təxminən iki illik fasilədən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına sərt reaksiya sərgiləyib.

“Olafın Zəngi, məncə, “Pandora” qutusudur. İndi başqa söhbətlər, başqa zənglər ola bilər. Sadəcə, çox sözlər. Biz bütün bu çətinlikləri indi başa düşürük. Biz necə davranacağımızı bilirik. Biz sizi xəbərdar etmək istəyirik: Minsk-3 olmayacaq - bizə əsl sülh lazımdır”, - Zelenski öz Telegram-kanalında yazıb.

“Reuters” agentliynin iddiasına görə, Ukrayna prezidenti Almaniya kanslerini Putinlə danışmaqdan çəkindirməyə çalışsa da, Rusiya prezidenti ilə əlaqə yaradn Olaf Şolz onunla təxminən iki saat söhbət edib.

“Rusiya prezidenti ilə söhbətdən əvvəl Almaniya kansleri Zelenski ilə əlaqə saxlayıb və söhbətdən sonra bunu etməyi planlaşdırıb. Ukrayna prezidenti Şolza xəbərdarlıq edib ki, söhbət “sülh gətirməyəcək”, lakin Putinə “vəziyyəti dəyişməyə” və “təcridini azaltmağa” imkan verəcək”, - agentlik yazıb.

Söhbət zamanı Almaniya kansleri Rusiya prezidentini Ukraynada hərbi əməliyyatları dayandırmağa, qoşunları çıxarmağa və Kiyevlə “ədalətli və davamlı sülh”lə bağlı danışıqlara başlamağa hazır olmağa çağırıb. O, həmçinin Berlinin Kiyevə “lazım olduğu qədər” kömək etmək əzmini təsdiqləyib.

Vladimir Putin, öz növbəsində, bildirib ki, Rusiya Ukrayna ilə danışıqların bərpasına açıqdır. Onun sözlərinə görə, mümkün razılaşmalar Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə almalı, “yeni ərazi reallıqlarından” çıxış etməli və münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır.

Putin hazırkı vəziyyətin səbəbləri kimi NATO-nun uzunmüddətli təcavüzkar siyasətinin Ukrayna ərazisində anti-Rusiya körpüsü yaratmaı, onun təhlükəsizlik sahəsində maraqlarına məhəl qoymadığını və rusdilli sakinlərin hüquqlarının tapdanmasını göstərib.
Lakin Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarının sülh haqqında danışıqlarla yalnız beynəlxalq təcrid vəziyyətindən çıxmaq məqsədi güddüyünü iddia edib.

- Putin heç də sülh istəmir, lakin bu o demək deyil ki, o, liderlərdən hər hansı biri ilə danışıq masası arxasında oturmaq istəmir. Çünki onun üçün bu, siyasi təcridin ləğvidir. Oturmaq, danışmaq və razılığa gəlməmək onun üçün faydalıdır. Onun xaricə səyahətinə məhdudiyyət qoyulub və danışmaq harasa getmək deməkdir, yəni onun təcridini açmaq lazımdır. Bu, təcridin ləğvidir. Bunlar bir siyasətçi kimi Putinə münasibətdə təcrid prosesininin ləğvinə doğru addımlardır. Bizim tərəfimizdən təslimçilik şərtləri ilə bağlı danışıqlar aparmaq ona faydalıdır, lakin heç kim ona bunu verməyəcək”, - Ukrayna radiosuna müsahibəsində Volodimir Zelenski vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Şolz   Putin   Zelenski  





Xəbər lenti