Azərbaycan “İqlim üçün Mədəniyyət” platformasını işə salır

Azərbaycan “İqlim üçün Mədəniyyət” platformasını işə salır
  15 Noyabr 2024    Oxunub:504
Azərbaycan C4C “Culture for Climate” platformasını işə salır.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli COP29 çərçivəsində “Mədəniyyətə əsaslanan iqlim dəyişikliyi üzrə yüksək səviyyəli dialoq”da deyib.

“Mədəniyyət müsbət iqlim gündəliyinin formalaşdırılmasında mərkəzi rol oynayır. Bu gün Azərbaycan "C4C - İqlim üçün Mədəniyyət" platformasını istifadəyə verir. Bu platformanın məqsədi mədəniyyəti müsbət iqlim tədbirlərinin əsas hərəkətverici qüvvəsinə çevirmək və mədəniyyət layihələrinin davamlı təcrübə və dəyərləri təşviq edərək ilham mənbəyi ola biləcəyini vurğulamaqdır.

Keçən ay UNESCO-nun qərargahında təşəbbüsümüzün xüsusi təqdimatı keçirildi. Tədbirdə UNESCO-nun daimi nümayəndəliklərinin 300 nümayəndəsi iştirak etdi. Təqdimatın məqsədi qlobal səviyyədə iqlimin yaxşılaşdırılması üçün mədəniyyət tədbirlərinin təşviqinə yönəlmişdir", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti