Çin Amerikada öz mövqeyini möhkəmləndirir

   Çin Amerikada öz mövqeyini möhkəmləndirir
  16 Noyabr 2024    Oxunub:801
Pekin Vaşinqtonun ciddi narahatlığına səbəb ola biləcək daha bir meqalayihəyə imza atıb. Peruda tikintisinə Çin sərmayələrinin cəlb olunduğu yeni “Çankay” dərin dəniz limanının açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə videobağlantı vasitəsilə Perunun prezidenti Dina Boluarte və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin iştirak ediblər.

“Çankay limanının açılışı Peru və bütün perulular üçün tarixi bir anı təmsil edir. Bu meqalayihə Perunu dünya səviyyəli logistika, texnologiya və sənaye mərkəzinə çevirəcək transformasiyanın başlanğıcını göstərir”, - Dina Boluarte açılış mərasimindəki çıxışında deyib.

Si Cinpin isə qeyd edib ki, limanın açılışı Çin və Peru arasında “Bir qurşaq, bir yol” layihəsi çərçivəsində əməkdaşlığın uğurlu nümunəsidir. Onun sözlərinə görə, nəticədə Çin və Latın Amerikası arasında “İnklərin böyük cığırını" və “XXI əsrin Dəniz İpək Yolu”nu birləşdirən, habelə Perunun və regionun digər ölkələrinin çiçəklənməsinə yol açan dəniz dəhlizi yaratmaq mümkün olacaq.

Qeyd edək ki, Perunun Sakit okean sahilində, paytaxt Limadan təxminən 80 km şimalda yerləşən “Çankay” meqalimanı Cənubi Amerikada Çinin nəzarəti altında ilk logistika mərkəzi olacaq. Ümumi investisiyalarının həcmi 3,4 milyard dollar olan layihədə Çinin “COSCO Shipping” logistika şirkətinin payı 60 faiz təşkil edir.

Limanın təkcə Peruya deyil, Çili, Kolumbiya, Ekvador və bir sıra digər Cənubi Amerika ölkələrinə də xidmət göstərəcəyi, Asiya ilə ticarət üçün Meksika və ABŞ limanlarından yan keçməyə imkan verəcəyi gözlənilir. O, digər işlərlə yanaşı, mövcud ən böyük konteyner gəmilərini qəbul edə biləcək. İlk gəminin artıq gələn həftə limandan yola düşməsi planlaşdırılır.

Bundan əvvəl Çinin sədri “El Peruano” qəzetində dərc olunmuş məqaləsində “Çankay” limanının Perudan Çinə dəniz marşrutunu 23 günə qədər azaldacağını və bununla da logistik xərclərinin ən azı 20 faiz aşağı düşəcəyini bildirmişdi. İnfrastruktur layihəsinin Peruya illik 4,5 milyard dollar gəlir gətirəcəyi və 8000-dən çox iş yerinin yaradılmasına təkan verəcəyi gözlənilir. İlkin mərhələdə liman ildə bir milyona yaxın konteyner daşımaq gücünə malik olacaq.

Pekin həmçinin Peru limanından Braziliyaya qədər dəmir yolu şəbəkəsi inça etməyi planlaşdırır. Çin 2009-cu ildən, ölkələr azad ticarət sazişi imzaladıqdan sonra Peru iqtisadiyyatına fəal şəkildə investisiyalar qoyur. Bu müddət ərzində Çin şirkətləri Cənubi Amerikanın Peruda mədən və enerji layihələrinə təxminən 24 milyard dollar həcmində sərmayə yatırıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Peru   meqaliman  





Xəbər lenti