BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirir
Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Layihənin yerli tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasıdır.
Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilir. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək.
Seminarın əsas təlimçisi Türkiyədən dəvət olunmuş media mütəxəsisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən ərsəyə gələn müəllifi olduğu “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlərə əyani vəsait rolunu oynayacaq.
Seminar zamanı Ayşe Karabatın təqdimatında qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, jurnalistlərin fəaliyyəti, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış siyasət və s. məsələlər ətrafında müzakirələr aparılacaq".
Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.
Aytən Zəhra
Azvision.az