İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub

İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub
  16 Noyabr 2024    Oxunub:274
Noyabrın 15-də Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet ilə söhbət” adlı eko-yaradıcılıq sərgisi açılıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə hazırlanan sərginin əsas məqsədi, insanların təbiət qarşısında olan məsuliyyətini vurğulamaqdır.

Sərgidə 8-11 yaş arasındakı uşaqların yaratdığı əl işləri nümayiş olunur. Bu əsərlər vasitəsilə uşaqların təbiətə olan sevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləri özünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam” adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verən dəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqli formalarla təqdim edir.

Sərginin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, Milli Məclisin sədrinin müavini Musa Qasımlı, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək belə tədbirlərin uşaqların ekoloji şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Sərgi, ziyarətçiləri Şirvanşahlar Sarayının girişində yerləşən “Sülh Ağacı” installyasiyası ilə qarşılayır. Burada nümayiş olunan əsərlər, təbiətlə harmoniya içində yaşamağa və gələcək nəsillərə təmiz və yaşanabilir bir dünya buraxmağa dair dərin fəlsəfi düşüncələri təcəssüm etdirir.

Noyabrın 30-dək davam edəcək .“Planet ilə söhbət” sərgisi həm uşaqlar, həm də böyüklər üçün ekoloji məsuliyyətin vacibliyini xatırladaraq, təbiətə və planetimizə olan bağlılığı daha da möhkəmləndirir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti