Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

 Prezidentə təbriklər gəlməkdə davam edir -  Yenilənib
  20 May 2019    Oxunub:3055
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın xəbərinə görə, məktubda deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".

Bundan başqa İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Zati-aliləri. 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm".

İsveç kralı XVI Karl Qustav da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:

"Zati-aliləri möhtərəm Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm".

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir: "28 May – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mart ayında Sizinlə Qlobal Bakı Forumu çərçivəsində görüşməkdən, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparmaq imkanı əldə etməkdən çox məmnun oldum. Bu gün əlaqələrimizin daha da inkişaf etməsini görməkdən də çox məmnunam.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti