Azərbaycanda yeni alternativ su mənbələri yaradılır

  Azərbaycanda yeni alternativ su mənbələri yaradılır
  20 May 2019    Oxunub:1939
Abşeron yarımadasında tullantı və lay suları ilə çirklənmiş göllər ekoloji şəraitə ciddi təsir göstərir və Xəzər dənizinin çirkləndirilməsində mühüm rol oynayır.
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Nazir bildirib ki, yarımadada göllər üzrə araşdırmalar aparılıb, 9 gölün (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə və Böyükşor) ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi prioritet hesab edilib.

“Bu gün ölkəmizdə atmosfer havasının keyfiyyətinə təsir edən digər əsas amillər təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara riayət olunmamasıdır. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşıya mühüm vəzifə kimi qoyulub. Havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına müsbət təsir edəcək. Bu layihənin reallaşdırılması nəticəsində, o cümlədən “AVRO-5” standartlarına uyğun yanacaq istehsalı atmosferə atılmaların kifayət qədər azalmasına şərait yaradacaq“.

Bundan əlavə, su problemlərindən danışan nazir qeyd edib ki, hazırda ölkəmizdə su qıtlığının qarşısının alınması məqsədi ilə yeni alternativ su mənbələrinin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir.

"Su istehlakçılarının təlabatının tam ödənilməsi məqsədilə əlavə müxtəlif tutumlu yeni su anbarlarının yaradılması ölkənin su təhlükəsizliyində mühüm rol oynaya bilər. Yaxın gələcəkdə alternativ su mənbələrinin axtarışı, yağış sularından istifadə olunması, dəniz suyunun duzsuzlaşdırılması, sudan təkrar istifadə kimi amillər də nəzərə alınmalıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti