Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
  14 Fevral 2019    Oxunub:2369
Fevralın 13-də Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kollegiyada ədliyyə orqanlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 2019-cu il 17 yanvar tarixli Fərmanından və digər göstərişlərindən irəli gələn vəzifələri müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, Azərbaycanın 2018-ci ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

Qeyd olunub ki, aparılan genişmiqyaslı islahatlara uyğun olaraq dövlət orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, büdcə vəsaitlərinə qənaət edilməklə idarəetmənin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülür. Azərbaycan ədliyyəsi də islahatlar aparılmaqla təkmilləşir, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirilir.

Kollegiyada ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər əyani təqdimat keçirilməklə ətraflı təhlil edilib. Məlumat verilib ki, qanunvericilik sahəsində bilavasitə nazirlik tərəfindən 2018-ci ildə əvvəlki illə müqayisədə 30 faiz çox - 1800-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, 3300-dən çox akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin elektron saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 6200-ə yaxın sənəd daxil edilib və il ərzində həmin informasiya resurslarına başçəkmələrin sayı 65 faiz artaraq 1,3 milyonu ötüb. Şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi məqsədilə nazirlik tərəfindən aparılan 10 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 30-dan çox elektron xidmətlərdən istifadənin sayı artaraq 5 milyonu ötüb.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 12800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Əhalinin daha çox təmasda olduğu notariat ofislərində əvvəlki illə müqayisədə təxminən 14 faiz çox – 4,4 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb və bu əməliyyatlarla bağlı 51 milyon manata yaxın dövlət rüsumu və digər ödənişlər alınıb. Daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 50 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Eyni zamanda “ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2018-ci ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 48 faizini təşkil edib.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də “Notariat haqqında” Qanuna edilmiş əsaslı dəyişikliklər bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, ən yeni texnologiyaların və innovasiyaların tətbiqinə imkan yaradıb. Vətəndaşlara səyyar və məsafədən notariat xidmətlərinin göstərilməsi məqsədilə xüsusi notariat çantası, elektron ədliyyə köşkü, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan, notariat ofisləri və hərəkətləri ilə bağlı zəruri məlumatları vahid mənbədən əldə etməyə imkan verən mobil notariat proqramı hazırlanıb. Tətbiq olunan bu innovasiyalar ötən ilin sonunda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni binasının açılışı zamanı dövlətimizin başçısına nümayiş etdirilib. Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4350-ə, KİV-lərin sayı isə 5250-yə çatıb.

Nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildə icra sənədlərinin sayı 873 minə çatıb, onlardan 460 minə yaxınının icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 4640 nəfər inzibati məsuliyyətə cəlb olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılması təmin edilib, 4200-dən çox şəxs cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 673 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon manata qədər ziyan istintaqın gedişində ödətdirilib.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 36 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 805 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.

Dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 267 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə isə ötən il ərzində 576 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, bu sahədə müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub və 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər keçirilib.

Kollegiyada, həmçinin bildirilib ki, 2018-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Türkiyə, Belarus, Serbiya və Əlcəzairin ədliyyə nazirləri ölkəmizə səfərlər edib, hüquqi sahədə mühüm sənədlər imzalanıb, habelə nümayəndə heyətimiz Avstriya, Xorvatiya və Malayziyada mötəbər beynəlxalq tədbirlərdə iştirak edib.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və tətbiq olunan innovasiyaların cəmiyyətdə daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti nümayəndələrinin ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətlərinə cəlb olunmasını və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasını vurğulayıblar.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, işin dövlətimizin başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, o cümlədən rəqəmsal idarəçiliyin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Eyni zamanda, dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağı nazirliyin üzərinə mühüm vəzifələrin düşdüyü qeyd edilərək, ədliyyənin gələcək inkişafında “yol xəritəsi” olan bu mühüm sənədin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın və digər neqativ halların qarşısının alınması, şəffaflığın və dürüstlüyün tam təmin olunması barədə tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   İclas  





Xəbər lenti