ABŞ Qonsalesi Venesuelanın prezidenti sayır

   ABŞ Qonsalesi Venesuelanın prezidenti sayır
  20 Noyabr 2024    Oxunub:596
Vaşinqton Venesuela müxalifətinin liderlərindən biri olan Edmundo Qonsales Urrutianı bu Cənubi Amerika ölkəsinin seçilmiş prezidenti kimi tanıyıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken iyulun 28-də keçirilən seçkilərdə Venesuela xalqının bu məsələdə öz sözünü dediyini iddia edib. Edmundo Qonsales isə, Vaşinqtona tutduğu mövqeyə görə təşəkkürünü bildirib.

“Bu jest ölkəmizdəki dəyişikliklərə və iyulun 28-də birgə həyata keçirdiyimiz vətəndaş şücaətinə hörmətin təzahürüdür”, - müxalifətçi “X” sosial şəbəkəsində yazıb.

Karakas ABŞ diplomatiyasının rəhbərinin iddiasına tənqidi reaksiya verib. Ölkənin Xarici İşlər naziri İvan Hil amerikalı həmkarını “Venesuellanın hamılıqla tanınan düşməni” adlandırıb.

ABŞ Nikolas Maduronun uduzduğunu iddia edir
Xatırladaq ki, Venesuelanın Mərkıəzi Seçki Komissiyası iyulun 28-də keçirilən prezident seçkilərində 2013-cü ildən ölkəyə rəhbərlik edən prezident Nikolas Maduronun 51,2 faiz səslə qalib gəldiyini elan edib. Müxalifət isə öz namizədi Edmundo Qonzalesin qələbə çaldığını bildirib. Ölkədə seçkinin nəticələrinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazlar zamanı 28 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.


Sentyabrın əvvəlində isə rəsmi Karakasın hakimiyyəti qəsb etmə, üsyana çağırış, sui-qəsd və təxribat ittihamları ilə Qonsalesin həbsinə order verdiyi açıqlanıb. Bundan bir neçə gün sonra İspaniyaya uçan müxalifətçi Madriddən siyasi sığınacaq istədi.

Qeyd edək ki, ABŞ Dövlət katibinin indi Qonsales məsələsini qabartması və Vaşinqtonun onu Venesuelanın həqiqi preizdenti kimi tanıdığını iddia etməsi heç də təsadüfi deyil. Bu, əslində, Vaşinqtonun Kiyevə Rusiya ərazilərinə ATACMS raketləri ilə zərbə endirməyə verdiyi icazəyə Venesuela prezidenti Nikolas Maduronun reaksiyasına cavabdır. Belə ki, Maduro bu qərarı kollektiv Qərbin “ağılsızlığı” kimi qiymətləndirib.

“ABŞ, Fransa və Böyük Britaniya hökumətləri Vladimir Zelenskiyə “bacımız Rusiyaya” hücum etmək üçün Qərbin uzaqmənzilli raketlərindən istifadə etməyə icazə verdi. Mən sizə deyirəm ki, bu həlledici məqamdır. Onlar Şimali Amerika imperializminin dəlilik mərhələsinə, qisas mərhələsinə qədəm qoyublar”, - Vebesuela prezidenti həmin qərara öz münasibətini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Blinken   Venesuela   Qonsales  





Xəbər lenti