“Böyük iyirmilər” ədalətli dünya formalaşdıracaqlarmı? - ŞƏRH

 “Böyük iyirmilər” ədalətli dünya formalaşdıracaqlarmı?  - ŞƏRH
  20 Noyabr 2024    Oxunub:657
"“Böyük iyirmilərin” Braziliyanın Rio-de-Janeyro şəhərindəki toplantısında yekun bəyanatla bağlı ortaq məxrəcə gəlmək asan olmayıb. Qərb ölkələri ilə Rusiya arasında konsensus tapmaq çətin olub. Ötən dəfə eyni problemlə Dehli üzləşmişdi. “Böyük iyirmilərin” bundan əvvəlki toplantısı Dehlidə keçirilmiş və ev yiyəsi kimi Hindistan Qərb ölkələri ilə Rusiya arasında ortaq bəyanatın qəbulu üçün çox çalışmışdı. Hindistan təmsilçisi Amitabh Kant Braziliyada qəbul edilən bəyanatın faktiki ötən il Dehlidə qəbul edilən bəyanatın davamı olduğunu vurğulayıb".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Braziliyada keçirilən G20 sammiti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, “Böyük iyirmilərin” toplantılarında yekun bəyanatdakı cümlələr bütün üzv ölkələrin maraqlarına uyğun olmalıdır:

"Qərb ölkələrinin liderləri yekun bəyanata Ukrayna müharibəsiylə bağlı tənqidi cümlələrin salınmasını istədikdə Rusiya qəti şəkildə bunun əleyhinə çıxır. “Böyük iyirmilərin” liderlərinin birgə şəkil çəkdirməsi bir başqa problemdir. Qərb ölkələrinin liderləri Rusiya təmsilçisi ilə eyni fotoda yer almaq istəmirlər. Rusiyanı Braziliyada xarici işlər naziri Sergey Lavrov təmsil edib. ABŞ Prezidenti Co Bayden ortaq şəkil çəkdirməkdən imtina edib.

“Böyük iyirmilərin” liderləri BMT Təhlükəsizlik Şurasında və Ümumdünya Ticarət Təşkilatında islahalatların vacibliyini bildiriblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdir ki, “dünya beşdən böyükdür” şüarı altında BMT Təhlükəsizlik Şurası üzvlərinin artırılması gərəkliyini səsləndirir. “Böyük iyirmilər” bunun əleyhinə olmadıqlarını bildiriblər, ancaq BMT Təhlükəsizlik Şurasının 5 üzvünün asanlıqla buna razılaşacağını söyləmək çətindir. BMT Təhlükəsizlik Şurasının 5 üzvündən hər biri özünə yaxın dövləti təşkilatda yanında görmək istəyir, bu halda digərləri əks mövqedən çıxış edirlər".

G20 sammitində Trampın adını açıq şəkildə çəkmirlər - VİDEO
Politoloq onu da qeyd edib ki, “Böyük iyirmilərin” yekun bəyanatında Ukrayna və Yaxın Şərqlə bağlı razılaşdırılmış cümlələr var:

"Bəyanatda yer alan “biz ədalətli və davamlı sülhün, xalqlar arasında dotsluq əlaqələrinin tərəfdarıyıq” cümləsinə kimsə etiraz etməz. Braziliya Luis İnasiu Lula da Silva “böyük iyirmilərin” dünyadakı aclıq və səfalətlə mübarizəsini əks etdirən “qlobal alyansın” formalaşmasına da nail olub. O, bu təklifini hələ ötən il Dehlidəki toplantıda səsləndirmişdi. Alyansa bugünə qədər 82 ölkə, 24 beynəlxalq, 9 maliyyə təşkilatı qoşulub.

Toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Fransa Prezidenti Emmanuel Makron “böyük iyirmilərin” toplantısında bir tərəfdən Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri tərəfdən ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiyanın içərilərinə doğru raket zərbələri endirməsinə icazə verməsini dəstəklədiyini bildirib. Co Bayden toplantıda Hindistanın baş naziri Narendra Modi ilə görüşüb, iki lider geniş fikir mübadiləsi aparıblar. Narendra Modi ilə Luis İnasiu Lula da Silva arasındakı görüşdə Hindistanla Braziliya arasında əlqələrin inkişafı imkanları müzakirə edilib.

Hindistan və Braziliya arasındakı tərəfdaşlıq çoxqütblü dünyanın formalaşması baxımından aktualdır. Bu iki ölkə BRİCS çərçivəsində də tərəfdaşlığı gücləndiriblər. İki ölkə arasında ticarət əlaqələri 2022-ci ildə 32% artaraq 15,2 milyard ABŞ dollarına çatıb. “Böyük iyirmilərin” toplantısında iştirak edən Çin lideri Si Cinpin də həmkarlarıyla görüşlərə başlayıb. Onun toplantıda əsas tezisi budur ki, böyük dövlətlər ədalətli dünyanın formalaşmasına çalışmalı, o cümlədən qarşılıqlı şəkildə bir-birlərinə hörmət etməlidirlər. Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibələr böyük dövlətlərin ədalətli dünyanın formalaşından hələ uzaq olduqlarını göstərir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   G20  





Xəbər lenti