ABŞ Kiyevə Rusiya ərazilərinə zərbə endrimək üçün nə vaxt icazə verib? - VİDEO

   ABŞ Kiyevə Rusiya ərazilərinə zərbə endrimək üçün nə vaxt icazə verib?    - VİDEO
  18 Noyabr 2024    Oxunub:1108
Vaşinqton təxminən üç gün əvvəl Kiyevi ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermək qərarı barədə məlumatlandırıb. Bu isə Trampın Baydenlə görüşündən sonra Ağ Evin indiki administrasiyasının belə qərar çıxardığına dəlalət edir.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən Amerikanın “Axios” portalı belə məlumat yayıb.

“Mənbə bildirib ki, Baydenin qərarı ilə bağlı məlumat təxminən üç gün əvvəl Ukraynaya ötürülüb. Bundan əlavə, Kiyevin “ATACMS” raketlərindən istifadəsinə icazə yalnız Rusiyanın Kursk bölgəsinə şamil olunur”, - saytda dərc edilən materialda deyilir.

Məhz Rusiyanın Kursk bölgəsinə belə zərbələrin endirilməsi Moskvanın bu regiondakı hərbi əməliyyatlara Şomali Koreyadan minlərlə əsgəri cəlb etməsi ilə izah olunur.
Bundan əvvəl “New York Times (NYT)” qəzeti Amerika administrasiyasının adları açıqlanmayan nümayəndələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin məlumatına görə, Rusiya ərazisinin dərinliklərinə ilk zərbələr böyük ehtimalla “ATACMS” raketləri ilə endiriləcək.

Fransanın “Le Figaro” qəzetinin iddiasına görə, Paris və London da Ukraynaya öz uzaqmənzilli silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

+Qeyd edək ki, bir həftə əvvəl Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Telegraph” nəşri Böyük Britaniyanın baç naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun “sonuncu dəfə” Co Baydeni prezidentlik müddəti başa çatana qədər Kiyevə Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağasını ləğv etməyə inandırmağa çalışacaqlarını yazmışdı.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsini tərəfdaşlarına təqdim etdiyi “qələbə planı”nın bir hissəsi adlandırıb.

“Bu gün mediada çoxları deyir ki, cavab vermək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır. Belə şeylər açıqlanmır. Raketlər öz əvəzlərinə danışacaqlar. Mütləq”, - Zelenski xalqa müraciətində bildirib.

Lakin ABŞ Silahlı Qüvvələrinin istefada olan podpolkovniki Deniel Devis heç də Ukrayna prezidentinin nikbinliyinə şərik çıxmır.

“F-16-nın müharibənin gedişatını dəyişəcəyini və həlledici olacağını deyəndə nə baş verdiyini xatırlayın. F-16 gətirdik və nə oldu? Onlar haqqında heç vaxt heç nə eşitmirsiniz. Əvvəlcə HIMARS oyunu dəyişdirməli idi, sonra is ATACMS. Təşəbbüsün tamamilə Rusiyaya məxsus olan hərbi əməliyyatların gedişinə Ukrayna və Qərbin təsir edə biləcəyi hər hansı vasitə yoxdur və Kiyev bu müharibəni çoxdan uduzub. Ukrayna müharibəni uduzub, onların duruş gətirmək imkanları belə yoxdur”, - amerikalı hərbi ekspert deyib.


Məsələyə münasibət bildirən ABŞ-nin yeni seçilmiş prezidentin keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq yalnız Trampın münaqişənin hər iki tərəfini danışıqlar masası arxasına oturda biləcəyini vurğulayıb.

“Prezident Trampın seçki kampaniyası zamanı bəyan etdiyi kimi, o, tərəfləri sülh haqqında razılığa gətirmək və müharibə və qətllərə son qoymaq üçün çalışa biləcək yeganə şəxsdir”, - Stiven Çunq “CNN” telekanalına müsahibəsində deyib.

Bununla belə, Çunq yeni seçilmiş prezidentin və onun gələcək Milli Təhlükəsizlik müşavirlərinin Amerika hakimiyyət orqanlarının qərarı ilə bağlı əvvəlcədən məlumatlandırılıb- məlumatlandırılmaması ilə bağlı suallara cavab verməyib. O, bildirib ki, bu məsələ ilə bağlı rəsmi açıqlamalar Trampın özündən və ya səlahiyyətli nümayəndələrindən gələcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   icazə  





Xəbər lenti