ABŞ Türkiyədən HƏMAS üzvlərinin verilməsini tələb edəcək

   ABŞ Türkiyədən HƏMAS üzvlərinin verilməsini tələb edəcək
  19 Noyabr 2024    Oxunub:524
HƏMAS üzvləri Türkiyədə olduqları təqdirdə Vaşinqton onların təhvil verilməsində israrlıdır.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller keçirdiyi brifinqdə belə deyib.

“Həmas rəhbərliyinin Dohada olan bir hissəsinin indi Türkiyəyə köçməsi ilə bağlı xəbərləri görmüşəm. Biz inanmırıq ki, qəddar terror təşkilatının rəhbərləri hardasa rahat yaşasınlar. Bu şəxslərin bəziləri uzun müddətdir ki, ABŞ tərəfindən müxtəlif cinayətlər törətməkdə ittiham olunurlar. Hesab edirik ki, onlar ABŞ-yə təhvil verilməlidir”, - Mettyu Miller Vaşinqtonun mövqeyini açıqlayıb.

Dövlət departamentinin sözçüsü ABŞ-nin HƏMAS üzvlərini həm amerikalıları öldürməkdə, həm də Amerika vətəndaşlarını girov götürməkdə ittiham etdiyini vurğulayıb.

Xatırladaq ki, dünən “The Times of Israel” nəşri adı açıqlanmayan ərəb diplomatına istinadən Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra HƏMAS-ın yüksək rütbəli rəsmilərinin keçən həftə Qətərdən çıxaraq Türkiyəyə getdiklərini yazıb.

Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti isə bildirib ki, Qətər ABŞ-nin təzyiqi altında HƏMAS rəhbərliyindən ölkədən çıxmasını xahiş edib. Çünki hərəkat Qəzzada atəşkəslə bağlı danışıqlar çərçivəsində israilli girovların azad olunması ilə bağlı vasitəçilərin təkliflərini dəfələrlə rədd edib.

HƏMAS hərəkatın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı xəbərləri artıq təkzib edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   HƏMAS  





Xəbər lenti