İlham Əliyev əsgərlərlə birgə nahar etdi - FOTOLAR
İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.
Dövlət başçısına məlumat verilib ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.
Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb. Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib. Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir.
Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.
Azvision.az
Teqlər: İlham-Əliyev MN