General 7 ilin hesabatını verdi

 General 7 ilin hesabatını verdi
  13 Fevral 2019    Oxunub:3750
13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Azvision.az qurumun ötən yeddi il ərzindəki fəaliyyəti ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun məqaləsini təqdim edir:

- Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda, Azadlıq meydanında keçirilən təntənəli hərbi parad, eləcə də sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Milli Ordumuzun qüdrətini bir daha göz önünə gətirdi, müstəqil Azərbaycanın dünyanın ən müasir və güclü Orduya sahib olduğunu göstərdi. Prezident İlham Əliyev Ordumuzun döyüş qabiliyyətinin artırılmasını, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bu diqqətin nəticəsidir ki, indi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır və hər an istənilən vəzifəni icra edə bilər. Milli Ordumuzun möhtəşəm qələbələri də bunu sübut edir. 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən Ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri bir daha təsdiqləyir. Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu faktı xüsusi vurğuladı: “Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu, hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər, əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.

Ümumiyyətlə, 2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından da uğurlu il kimi səciyyələndirilməlidir. Çünki ötən il respublikamızın hərtərəfli, dinamik inkişafı təmin olunub, ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilib, 2019-cu və gələcək illərin iqtisadi inkişafının təməli qoyulub. İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin qlobal siyasi arenada nüfuzunun daha da artmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırıb, həmçinin onu davamlı və tarazlaşdırılmış iqtisadi inkişafa çatdırıb.

Azərbaycanın 2003-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunur. Bunu həm iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf istiqamətlərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə islahatlar konsepsiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilir. Prosesin vüsətini, miqyasını, prioritetləri, hədəf olaraq seçilən vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu böyük əminliklə islahatların növbəti dalğası hesab etmək olar. Bu isə Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət edir.

Azərbaycanı dünyada baş verən kataklizmlərdən böyük müvəffəqiyyətlə çıxarmağı bacaran cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkə rəhbəri kimi fəaliyyətinin əvvəlki dövrlərində qazandığı hərtərəfli nailiyyətlərin məntiqi nəticəsi, xalqının onun fəaliyyətinə verdiyi yüksək qiymət, ona ümumxalq məhəbbətinin daha bir bariz nümunəsi idi. Heç şübhəsiz, Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti bundan sonra da ölkəmizə daha böyük nailiyyətlər qazandıracaq.

Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət indi də prioritetdir və dünyada yaşanan iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi preventiv addımlar atılır. Möhtərəm Prezidentimiz çıxışında qeyd etmişdir ki: “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Büdcə xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən biri də müdafiə və təhlükəsizlik sahəsidir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişiklikləri fonunda, ilk növbədə, ölkəmizin müdafiə potensialının qüdrətlənməsi daha aydın görünür. İqtisadiyyatın güclənməsi hərbi imkanların artması üçün geniş imkanlar açır. Çünki iqtisadiyyatı güclü olan dövlətin ordusunun güclü olması qaçılmaz zərurətdir. Ölkəmizdə baş verən sürətli inkişaf Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə özünün müsbət təsirini göstərdi.

Bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində qazanılıb. Dövlətimizin başçısı infrastruktur və insan kapitalını inkişaf etdirməklə Azərbaycanın dünyadakı mövqelərinin gücləndirilməsini, struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin edir.

Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və 7 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Xidmət müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, proseslərə dövlət nəzarətini həyata keçirir. Son 7 ildə bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mühüm inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

Ötən dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilmiş ehtiyatda olan zabit və gizir hazırlığı, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi üçün namizədlərin göndərilməsi də müvəffəqiyyətlə təmin olunub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki bazası və bu texnikanı işlətməyə, ən əsası, hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan şəxsi heyəti var.

Xidmət öz fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və hərb quruculuğunun təşkili prinsipləri əsasında qurur. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla təmin edilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə də görülmüş bir sıra tədbirlər səmərəli nəticələr verir. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Bu gün Xidmətin “Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı və sosial şəbəkə hesabları yaradılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytı (www.seferberlik.gov.az) iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib. “Facebook” və “Twitter” üzərindən məlumatların infoqrafik imkanlardan istifadə edilməklə çatdırılması, daxil olan müraciətlərin cavablandırılması və “YouTube” kanalının videomateriallarla zənginləşdirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi işinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu gün çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatlar internet, həmçinin qısa mesaj vasitəsilə çatdırılır.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Eyni zamanda, “Hərbi xidmət keçmə barədə”, “Hərbi qeydiyyatda olma barədə”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olması barədə” və “Müddətli həqiqi hərbi xidmətə göndərilmə barədə” elektron arayışların “ASAN xidmət” mərkəzlərində Xidmətin “Vahid elektron informasiya sistemi” üzərindən vətəndaşlara təqdim edilməsi təmin olunur. Həmçinin “Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması” həyata keçirilir. Ümumilikdə, 2018-ci il ərzində 30 min 511 nəfər vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlərini qurumun “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin vasitəsilə edib.

Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulunun keçirilməsi, onların təklif, şikayət və rəylərinin öyrənilməsi, qanuni tələblərinin yerinə yetirilməsi, eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırığının icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən respublikanın regionlarında və Xidmətin Aparatında vətəndaş qəbulları keçirilib. Bu qəbullar zamanı bir sıra müraciətlər yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülüb, Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilib.

Xidmət tərəfindən gənclərin hərbi xidmətə hazırlanması, səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, təntənəli yolasalma mərasimləri, hərbi təhsilə marağın artırılması istiqamətində güclü təbliğat və maarifləndirmə işləri aparılır. Vətəndaşlar arasında hərbi-vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın ayrı-ayrı rayonlarında “Vətənin müdafiəsinə hazıram!” devizi altında silsilə tədbirlər keçirilir. 2019-cu il yanvarın 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu da vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi üçün yeni bir platformadır.

Möhtərəm Prezidentimizin səyləri nəticəsində bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik ölkəmizə müstəqil siyasət aparmağa, Azərbaycan xalqının maraqlarının müdafiəsinə imkan verir. Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri uğurla həll olunur. Təkcə 2018-ci ildə 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər, mənzillər verilib ki, bu da son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Keçən il prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev daha bir humanist addım ataraq respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci il 19 aprel tarixli Fərman imzaladı. Sənədin icrası ilə bağlı Xidmət tərəfindən 1997-ci il avqustun 2-dək həlak olan hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahıları hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu istiqamətdə işlər davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də öz səlahiyyətləri çərçivəsində vətəndaşlara, xüsusən şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır, davamlı diqqət və qayğı göstərir. Ötən il “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq, müraciət etmiş vətəndaşların sənədlərinə Xidmətdə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılıb və təsdiqedici sənədlər əsasında müraciət edənlərə müharibə veteranı adı və vəsiqəsi verilib.

Dövlət Xidməti çağırışçıların hələ orta məktəb illərindən hərbi xidmətə hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi yönündə mühüm işlər görür. İllik təqvim planına uyğun olaraq, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən 17 yaşına çatmış gənclər müxtəlif ixtisaslar üzrə Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında hazırlığa cəlb olunur, təhsil müəssisələrini bitirərək şəhadətnamə və sertifikatlarla təmin edilirlər. Xidmətin zonalar üzrə səfərbərlik şöbə və bölmələrinin şəxsi heyəti ilə səfərbərlik hazırlığı üzrə mütəmadi məşğələlər keçirilir, Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələrinin texniki vəziyyəti və toplanmasının praktiki təşkili işi daim nəzarətdə saxlanılır.

Xidmətin fəaliyyəti bütövlükdə Prezident İlham Əliyevin Ordu quruculuğu sahəsində qarşıya qoyduğu məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə ünvanlanıb. Ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülüb. Silahlı Qüvvələrin kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Bu gün iftixarla deyirik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

2018-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzaladı, bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Cümhuriyyətin yubileyi ölkəmizdə və ondan kənarda böyük təntənə ilə qeyd olundu. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik sistemi də ötən 100 ildə şərəfli yol keçib. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, Vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılıb, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılıb. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunmağa başladılar. Daha sonra 1894-1895-ci illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edilib. Hökumətin 55 saylı qərarı ilə Yelizavetpol əxzi-əsgər (hərbi çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər idarəsi adlandırılıb və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirilib.

Bu gün isə həmin qurumun layiqli varisi kimi müasir idarəetmə imkanlarına malik, peşəkar şəxsi heyətlə komplektləşdirilmiş bir Xidmət fəaliyyət göstərir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunub, qurumun şəxsi heyətinin sosial təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə ilə müəyyənləşdirildiyi kimi, Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və işçilərdən (dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan mülki işçilərdən) ibarətdir. Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlara, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Silahlı Qüvvələrin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçularının qulluq keçməsi “Dövlət qulluğu haqqında” Qanunun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Xidmətdə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə, “Həmkarlar ittifaqı haqqında” Qanuna müvafiq olaraq Xidmətin ilk həmkarlar ittifaqı təşkilatının təsis edilməsi təmin olunub.

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşının amalı Vətənə sədaqət, göstərilən etimadı doğrultmaq, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.

Vətənpərvərlik ruhlu nəşrlər, Bakıda və bölgələrdə keçirilən “Vətənin müdafiəsinə hazıram!” adlı ənənəvi tədbirlər, sərgi-müsabiqələr, hətta KİV nümayəndələri arasında atıcılıq turnirləri görülən işlərin təsir gücünü daha da artırır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanan “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında dövlət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilib. Həmçinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi və Silahlı Qüvvələrin 100 illiyi münasibətilə atıcılıq turniri keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi, “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi və ictimai birliklərin nümayəndələri arasında şahmat turniri də gənclərdə vətənpərvərlik işinin daha geniş sferada təşkilinə müsbət təsir göstərmək məqsədilə təşkil edilib.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi bəndinə uyğun olaraq ötən ilin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı paytaxt Bakı şəhərində və ölkənin regionlarında sosioloji sorğu keçirilib. On səkkiz rayon və şəhəri əhatə edən sorğu şifahi və səs yazısı ilə aparılıb. Sorğuda iştirak edən 10 minə yaxın sakindən 1500 nəfəri verilən sualları səs yazısı vasitəsilə, digərləri isə şifahi şəkildə cavablandırıb. Sorğu zamanı vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Sorğuda iştirak edənlər tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində Xidmət tərəfindən görülən işlər yüksək qiymətləndirilib. Şübhəsiz ki, ictimaiyyətlə ünsiyyət, keçirilmiş rəy sorğuları xidməti fəaliyyətimizə yenidən baxmaq üçün çox əhəmiyyətlidir.

Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev hər zaman vurğulayır ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəxsi heyəti də çiçəklənən respublikamızda milli maraqların qorunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

Azvision.az



Teqlər: Arzu-Rəhimov  





Xəbər lenti