“Paşinyanın mövqeyini anlamaq mümkün deyil” - XİN
XİN rəsmisi bildirib ki, Ermənistan baş nazirinin bu gün çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, dünən onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır. Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır.
“Baş nazir Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir”, -deyə L.Abdullayeva bildirib.
O, diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20-faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir.
“Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, Ermənistan əhalisinə vəd etdiyi “iqtisadi inqilabı” bir o qədər tez reallaşdıra bilər. Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir”, - deyə L.Abdullayeva əlavə edib.
Azvision.az
Teqlər: XİN Leyla-Əliyeva Paşinyan