“Dağıdıcı zəlzələlər barədə məlumatlar əsassızdır” - Seysmoloji Mərkəz

   “Dağıdıcı zəlzələlər barədə məlumatlar əsassızdır” -    Seysmoloji Mərkəz
  12 Fevral 2019    Oxunub:3466
Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırkı vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir.
Azvision.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) yaydığı bəyanatda bildirilib.

“Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatçılıq yaradır.

Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bəyan edirik ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Əvvəlcədən də bildirdiyimiz kimi, qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi www.seismology.az və KİV vasitəsilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir. Qeydə alınan hiss olunan təkanların dağıdıcı olmaq ehtimalı yoxdur", - bəyanatda qeyd edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzi bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşları hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırıb.

Diqqətə çatdırılıb ki, vətəndaşlar hər hansı sual yarandığı təqdirdə RSXM-nin İnformasiya şöbəsinə (+994) 012 492-34-57 nömrəli telefon vasitəsilə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Seysmoloji-Mərkəz   Zəlzələ  





Xəbər lenti