Yeni velosiped ixtira edən azərbaycanlı alim: “Bu, tarixdə bir ilkdir”

  Yeni velosiped ixtira edən azərbaycanlı alim:    “Bu, tarixdə bir ilkdir”
  12 Fevral 2019    Oxunub:11156
"Bizim ixtira etdiyimiz yeni velosiped hər iki təkərin dartma qabiliyyətinin olması ilə fərqlənir. Bu, tarixdə bir ilkdir”

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov deyib. Bildirib ki, velosiped sırf idmanda istifadə üçün nəzərdə tutulub.

“Hər iki təkərin dartma qabiliyyətinin olması hərbi texnikalarda, bəzi avtomobillərdə, o cümlədən motosikletlərdə müşahidə edilir. Məqsədimiz bu velosipedi sərgidə göstərmək və Azərbaycan brendi adı altında istehsalına nail olmaqdır”.

O.Salamov velosipedin yığılması üçün sponsor axtarıldığını söyləyib: “Velosipedin eskizləri çəkilib. Hazırlanması üçün sponsor axtarılır. Bu velosipedlər lazım gəlsə, akkumlyatorla təhciz oluna bilir. Təbii ki, idman yarışları üçün alınanda akkumlyatordan istifadəyə icazə verilmir. İdmandan kənar yüksək yerlərə çıxanda akkumlyatoru işə salıb hərəkət etmək mümkündür. Yoxuş aşağı düşəndə isə akkumlyator özü enerji yığır. Ekoloji cəhətdən təmiz nəqliyyat növüdür və heç bir yanacaqdan istifadəyə ehtiyac qalmır”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər (Avrasiya Patent Təşkilatı - seriya nömrə: 030801).

Aytən Zəhra
Azvision.az




Teqlər: Alim   AMEA   Velosiped  





Xəbər lenti