“Prezidentin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik” - Siyavuş Novruzov

“Prezidentin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik” -  Siyavuş Novruzov
  12 Fevral 2019    Oxunub:2695
“Əfsuslar olsun ki, Prezident İlham Əliyevin atdığı addımları lazımınca əhaliyə çatdıra bilmirik, onların diqqətini bu məsələyə yönəldə bilmirik. Tutaq ki, şəhid ailələri ilə bağlı məsələ. Prezident tapşırmışdı ki, bu məsələ araşdırılsın, çünki məsələ araşdırılmadan həlli mümkün deyildi. Həmin insanlarla bağlı problem araşdırıldı və həllini tapdı. Bir qrup ölkəmizin əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışırlar, bu məsələni öz adlarına çıxmağa cəhd edirlər. Guya onlar mitinq keçirdi, Prezident də bu addımı atdı. Hallbuki Prezident İlham Əliyev daha öncədən tapşırıq vermişdi”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, dövlət başçısı sosial müdafiə ilə bağlı mühüm addımlar atır: “Xaricdə oturub şər-böhtan kampaniyası aparan adamlar minimum əməkhaqlarının artırılması ilə bağlı məsələni öz adlarına çıxmağa çalışırlar. Deputatlar da seçiciləri ilə görüşlərdə dövlətin atdığı addımları diqqətə çatdırılmalıdır. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq. Bu, dövlətin strategiyasıdır, kiminsə göstərdiyi təzyiqin nəticəsi deyil”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Parlament   Siyavuş-Novruzov  





Xəbər lenti