Vəkil olmaq istəyənlərə güzəşt ediləcək

Vəkil olmaq istəyənlərə güzəşt ediləcək
  12 Fevral 2019    Oxunub:1788
Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilib.

Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

Dəyişiklik isə belədir: “İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz”.

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.

İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.

Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vəkil   Güzəşt  





Xəbər lenti