ABŞ UNESCO-da səsvermə hüququnu itirib

ABŞ UNESCO-da səsvermə hüququnu itirib
  08 Noyabr 2013    Oxunub:1199
Fələstinin ümumdünya səhiyyə təşkilatına üzv qəbul olunacağı təqdirdə nələrin baş verəcəyi isə hələlik sual altındadır.

ABŞ Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatında (UNESCO) səsvermə hüququnu itirib. AzVision.az xəbər verir ki, Təşkilata olan borcunu ödəmək və maliyyələşməni bərpa etmək üçün rəsmi Vaşinqtona verilən vaxt bitdiyindən ABŞ, avtomatik olaraq səsvermə hüququndan məhrum olub.

Məlumat üçün qeyd edək ki, Fələstinin UNESCO-ya üzvlüyünə etiraz əlaməti olaraq ABŞ 2011-ci ildə təşkilata rüsum ödəməkdən imtina edib. Həmin vaxt İsrail də analoji addım atdığı üçün UNESCO-da təsir gücünü itirmişdi . ABŞ UNESCO-ya ildə 80 milyon dollar ayırırdı ki, bu da təşkilatın ümumi büdcəsinin 20%-ni təşkil edirdi.

Vaşinqtonun ultimatumu təşkilatı maliyyə böhranı ilə üz-üzə qoydu. Holokosta həsr edilmiş təhsil proqramları da daxil olmaqla ABŞ-ın irəli sürdüyü bütün təşəbbüslər nəticəsiz qaldı. Ancaq hazırda əsas narahatlıq ABŞ-ın UNESCO-dan getməsindən sonra, onsuz da közərməkdə olan anti-İsrail əhval-ruhiyyəsinin daha da alovlanacağı ilə bağlıdır.

Bununla yanaşı, İsrailin UNESCO-dakı səfiri Nimrod Barkan bəyan edib ki, rəsmi Təl-əviv, ABŞ qərarını, o cümlədən UNESCO-nun siyasiləşdirilməsinə və ”tanınmamış Fələstinin” təşkilata üzv qəbul edilməsinə qarşı etirazını dəstəkləyir.

Qarşı tərəf isə halından məmnundur: Fələstinin UNESCO-dakı səfiri Elias Sanbaru bildirib ki, artıq təşkilatda ABŞ-ın yerini digər ölkələr uğurla əvəz edir.

Göründüyü kimi tərəflərin mövqeləri açıq-aydındır. Fələstinin ümumdünya səhiyyə təşkilatına üzv qəbul olunacağı təqdirdə nələrin baş verəcəyi isə hələlik sual altındadır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti