Şah İsmayıl Xətainin fərmanı Azərbaycana gətirildi

   Şah İsmayıl Xətainin fərmanı Azərbaycana gətirildi
  15 Oktyabr 2024    Oxunub:2592
Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

xəbər verir ki, Şah İsmayıl Xətainin sağlığında yazılmış və dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan bu fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən “Christie's” hərracında satın alınıb və Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.



Mədəniyyət nazirinin müavini Fərid Cəfərov muzey fondlarının zənginləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Nazir müavini bir azərbaycanlı vətəndaşın bu tarixi sənədi hərracdan alaraq Vətənə gətirməsini əlamətdar hadisə kimi qiymətləndirib. Fərid Cəfərov tarixi-maddi faktların toplanılması ənənəsinin davam etdirilməsinin müsbət hal olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli paytaxta gətirilən sənədin siyasi və tarixi əhəmiyyətindən söhbət açıb. O bildirib ki, böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin möhürü olan fərmanın Milli Azərbaycan Tarix Muzeyinə təqdim olunması muzeyin fondu üçün çox qiymətlidir. İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Mədəniyyət Nazirliyinin bu təqdimat mərasimini təşkil etməsi dövlətçilik tariximizə töhfədir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxışında 500 yaşlı sənədi xaricdəki hərracdan satın alıb Azərbaycana gətirən həmvətənimizə dərin minnətdarlığını bildirib. O bildirib ki, fərman farsca yazılsa da, tuğranın içində “sözümüz” kəlməsi türkcə yazılıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov bu sənədin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu fikirlərin fonunda Şah İsmayıl Xətainin hökmdarlıq dövrü, dövlətçilik tariximizdəki əhəmiyyətli addımlarına nəzər salıb.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu barədə danışıb. O, gələcəkdə də xaricdə olan bu tip qiymətli sənədlərin Azərbaycana gətirilməsini zəruri hesab edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Şah İsmayıl Xətainin yaradıcılıq xüsusiyyətləri, əsərlərinin bədii keyfiyyətləri barədə söhbət açıb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim musiqi alətləri ansamblının, ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri — Rahib Allahverdiyev və Firuzə İsmayılın qiraətində Xətainin poeziyasından nümunələr səsləndirilib.


Teqlər:





Xəbər lenti